...

Yük avtomobillərinin gün ərzində yollarda hərəkəti tıxaca səbəb olur - DYP

Cəmiyyət Materials 27 Noyabr 2021 13:20 (UTC +04:00)
Yük avtomobillərinin gün ərzində yollarda hərəkəti tıxaca  səbəb olur - DYP

Bakı. Samir Əli - Trend:

Baş Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yük avtomobillərinin idarə olunması ilə bağlı hüquqi və fiziki şəxslərə müraciət edib.

İdarədən Trend-ə daxil olan müraciətdə bildirilir ki, son vaxtlar Bakı şəhərinin mərkəzi və digər küçələrində yük avtomobillərinin gün ərzində yollarda hərəkətdə ​olması, bəzi ərazilərdə bu səbəbdən müəyyyən sıxlıqların, hətta tıxacların yaranması müşahidə edilir.

"Tikinti və ya digər ticarət obyektlərinə xidmət göstərilməsi üçün paytaxta daxil olmuş həmin yük avtomobillərinin sonradan ərazidən çıxarılması özü də bir qədər vaxt tələb etməklə yanaşı, digər hərəkət iştirakçılarının yollarda rahat və fasiləsiz hərəkətinə ciddi maneçilik törədir. ​

Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi haqqında Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarı ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin may ayının 1-dən oktyabr ayının 1-dək səhər saat ​ ​ 07:30-dan axşam saat 21:00-dək, oktyabr ayının 1-dən may ayının 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunur.

Qeyd edək ki, hüquqi və fiziki şəxslərə məxsus yük avtomobillərinin məhdudiyyət tətbiq edilən saatlarda şəhərdə hərəkətinə yalnız onların hansı marşrutlarla hərəkət etmələrinə icazə verən buraxılış vərəqələri əsasında yol verilə bilər. ​

Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sürücülərinə, sahiblərinə və daşıyıcılara müraciət edərək paytaxt ərazisində nəqliyyatın sıxlığının azaldılması məqsədilə tətbiq edilən məhdudiyyət tədbirlərinə hörmətlə yanaşmalarını, vəziyyəti düzgün qiymətləndirmələrini və digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmamalarını xahiş edir" - müraciətdə qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti