Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda yaşayış binalarında liftlərə dair yeni tələblər müəyyən edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb.
Yaşayış binasında liftlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun layihələndirilməlidir. Mərtəbələrdə mənzillərin ümumi sahəsindən aslı olaraq müxtəlif mərtəbəli yaşayış binalarının liftlə təchizatı üçün lazım olan sərnişin liftlərinin minimal sayı və hərəkət sürətinə dair minimal tələblər əlavə 1-də verilir.
Liftin qarşısındakı meydançanın eni və liftin ölçüləri təcili yardım xərəyində daşınan xəstəni liftə keçirməyə imkan verməli və aşağıdakı göstəricilərdən az olmamalıdır:
- yükgötürmə qabiliyyəti 1000 kq-a qədər, kabinəsinin eni 2100 mm olan liftin qarşısında -1,6 m-dən;
- yükgötürmə qabiliyyəti 1000 kq-a qədər, kabinəsinin dərinliyi 2100 mm olan liftin qarşısında- 2,1 m-dən .
Liftlər iki sıra üz-üzə yerləşdiyi halda, liftin qarşısındakı meydançanın eni ən azı aşağıda göstərilənlər qədər olmalıdır:
- kabinəsinin dərinliyi 2100 mm-dən az olan liftlər qurulduqda - 1,8 m ;
- kabinəsinin dərinliyi 2100 mm və daha çox olan liftlər qurulduqda- 2,5 m.