...

Karabük Universiteti ilə ADNSU arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2021 18:09 (UTC +04:00)

Bakı. Trend:

Dekabrın 14-də Türkiyənin Karabük Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında ikili diplom proqramlarının tətbiqi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

ADNSU-dan Trend-ə bildirilib ki, sənədləri Türkiyənin Karabük Universitetinin rektoru, professor Refik Polat və ADNSU-nun rektoru, professor Mustafa Babanlı imzalayıblar.

İki gündür ADNSU-da olan Türkiyənin Karabük Universitetinin rektoru, professor Refik Polat və onunla birlikdə gələn nümayəndə heyəti ilə növbəti görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, universitetin professor-müəllim heyəti iştirak edib.

Öncə professor Refik Polat Karabük Universiteti haqqında tədbir iştirakçılarına geniş məlumat verib. O, video-təqdimatla çıxış edərək rəhbəri olduğu universitetin qısa müddətdə qazandığı uğurlardan, elmi nailiyyətlərindən, maddi-texniki imkanlarından bəhs edib, dünyanın yüzlərlə universiteti ilə əməkdaşlıq əlaqələrinin olduğunu deyib. Cəmi 14 ildir ali təhsil müəssisəsi kimi fəaliyyət göstərən Karabük Universitetinə uğur gətirən əsas amilin elmi nailiyyətlərinin yüksəkliyi ilə bağlı olduğu diqqətə çatdırılıb.

Rektor Mustafa Babanlı təklifi qabul edib ADNSU-ya gəldiklərinə görə qonaqlara bir daha təşəkkür edib və belə bir universitetlə əməkdaşlığın hər iki universitet üçün, xüsusilə ADNSU üçün yeni perspektivlər yaradacağını bidirib.

Rektorların çıxları professor-müəllim heyəti tərəfindən dinlənildikdən sonra sənədlər imzalanıb. İki universitet arasında bağlanmış müqaviləyə görə, bakalavr təhsil səviyyəsində 7 ixtisas üzrə ikili diplom proqramının tətbiqi nəzərdə tutulub. İxtisas seçimində hər iki tərəfin qarşılıqlı əməkdaşlıq çərçivəsində keyfiyyətli nəticə ala biləcəyi amillər nəzərə alınıb. İlkin olaraq, 5 tələbənin mübadiləsi ilə layihəyə start veriləcək. Eyni zamanda, əməkdaşlıq müqaviləsində Erasmus proqramı əsasında yeni layihələrin, yeni proqramların icrası da öz əksini tapıb.

Yekun çıxışında Karabük Universitetinin rektoru, professor Refik Polat burada olmaqdan, ADNSU ilə yaxından tanışlıqdan məmnun olduğunu deyib və yeni əməkdaşlıq müqaviləsinin imzalanmasının hər iki universitet üçün yeni imkanlar yaradacağını qeyd edib.

Sonda hər iki universitetin rektoru ADNSU-nun professor-müəllim heyətinin yeni əməkdaşlıq çərçivəsində reallaşacaq işlərlə bağlı suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti