...

Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün cərimələr təsdiq edildi

Cəmiyyət Materials 15 Fevral 2022 12:45 (UTC +04:00)
Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün cərimələr təsdiq edildi

Bakı. Elçin Mehdiyev – Trend:

Qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə müəyyən edilən yeni cərimələrlə bağlı layihə ikinci oxunuşda Milli Məclisdə təsdiq edilib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda olan “Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.

Layihə dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

İclasın gündəliyinə çıxarılan İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) isə qaz təchizatı və istifadəsi zamanı qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Sənəddə İnzibati Xətalar Məcəlləsinə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunub. Həmçinin qaz təchizatı üzərində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələblərinin yerinə yetirilməməsi ilə bağlı 542-ci maddənin yeni redaksiyasında cərimələr nəzərdə tutulub.

Dəyişikliyə əsasən, qeyd olunan pozuntuya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə ediləcək.

Müzakirələrin sonunda qanun layihələri ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti