...

Yerli universitetlərdə yeni təlim və tədqiqat imkanlarının yaradılması

Cəmiyyət Materials 24 Fevral 2022 14:04 (UTC +04:00)
Yerli universitetlərdə yeni təlim və tədqiqat imkanlarının yaradılması

Bakı. Trend:

Bu gün bp təlim və tədris vasitələri və proseslərini yeniləməkdə ​​dəstək olmaq məqsədilə Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) üç müasir laboratoriya hədiyyə edib. Bunlar Mühəndis Sistemlərinin və Qurğularının Tikintisi fakültəsinin nəzdində fəaliyyət göstərəcək tam təchiz olunmuş elektronika və elektrik mühəndisliyi, enerji səmərəliliyi və bərpa olunan enerji mənbələri və “Ağıllı ev” laboratoriyalarıdır.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Çox məmnunuq ki, universitet indi artıq öz tələbələrinə yeni laboratoriyalarda quraşdırılmış müasir avadanlıq, elektron vasitələr və innovativ sistemlərdən istifadə etməklə daha geniş öyrənmə, tədqiqat və təcrübə imkanları təklif edə biləcək. İnanırıq ki, bu laboratoriyalar bərpa olunan enerji sahəsində enerji baxımından səmərəli həllər təqdim etməyə və bununla da ölkənin enerji keçidi səylərinə töhfə verməyə qadir olan yeni nəsil mütəxəssislərin yetişməsinə kömək edəcək.

Həmçinin çox məmnunuq ki, bu layihə yerli universitetlərlə sıx əməkdaşlığımızın daha da genişlənməsinə xidmət edir. Bu il bp Azərbaycana gəlişinin 30 illiyini qeyd edir. Ötən otuz il ərzində biz onlarla yerli universitetlə əməkdaşlıq edərək, onlara aparıcı beynəlxalq təhsil müəssisələri ilə tərəfdaşlıq qurmağa, beynəlxalq bilik və təcrübələri ölkəyə gətirməyə, innovativ təhsil texnologiyalarını və metodologiyalarını tətbiq etməyə imkanlar yaratmış və ali təhsilin ümumi keyfiyyətinin yüksəldilməsinə dəstək vermişik. Biz əməkdaşlıq etdiyimiz universitetlərlə birgə əldə etdiyimiz nailiyyətlərlə qürur duyuruq və gələcəkdə də bu sahəni ölkədəki sosial fəaliyyətimizin əsas istiqaməti kimi davam etdirəcəyik.”

Layihənin ümumi dəyəri 294600 AZN təşkil edir və buraya bütün zəruri avadanlıqların, texniki vasitələrin və proqram təminatının alınması və quraşdırılması, həmçinin laboratoriyaların səmərəli fəaliyyəti üçün tələb olunan bir sıra təlimat kitabçalarının nəşri daxildir.

Redaktorlar üçün qeydlər

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə təxminən 100 milyon dollar vəsait xərcləmişdir.

Azərbaycanda bp şirkətində təxminən 2270 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

Əlavə məlumat üçün:

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95

Məqalədə:
Xəbər lenti

Xəbər lenti