Bakı. Trend:
25 fevral 2022-ci il tarixində Azərbaycan Tibb Universitetində Azərbaycanın və Rusiyanın aparıcı tibb müəssisələrinin yüksəkixtisaslı həkimlərinin iştirakı ilə “Daxili xəstəliklər üzrə dialoqlar” mövzusunda onlayn formatda elmi-praktiki konfrans keçirilib. Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin həkim-radioloqu Natalya Astraxanseva, Reanimasiya və intensiv terapiya şöbəsinin anestezioloq-reanimatoloqları Təranə Göyüşova və Xəyal Məmmədov konfransın ikinci panelində təqdimatlarla çıxış ediblər.
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin həkim-radioloqu Natalya Astraxanseva konfransda “COVID-19-da ağciyər lezyonlarının radioloji diaqnostikası və dinamik nəzarəti” mövzusunda çıxışında yeni növ koronavirusun yaratdığı ağır pnevmoniya xəstələrinin müalicəsinin gedişi prosesində radioloji şöbənin fəaliyyəti barədə ətraflı məlumat verib. Dr. Natalya Astraxanseva qeyd edib ki, 2020-ci ilin iyun ayından SARS-CoV-2 infeksiyası ilə daxil olan xəstələrin müalicəsi ilə məşğul olduğu müddətdə Mərkəzi Gömrük Hospitalında 1800-dən artıq kovidli xəstə müalicə alıb. Xəstələrin pnevmoniyalarının dərəcəsinin dəqiq təyin edilməsi və prosesin gedişinin qiymətləndirilməsində döş qəfəsi orqanlarının Kompüter Tomoqrafiyası cavablarından istifadə olunur. N.Astraxanseva öz təqdimatında virus pnevmoniyasının rentgen əlamətləri, COVİD-19 zamanı ağciyərlərin zədələnməsinin yayılmış KT əlamətləri, döş qəfəsinin zədələnməsində nadir hallarda aşkar olunan KT əlamətlərindən danışıb.
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin anestezioloq-reanimatoloqu Təranə Göyüşova konfransda “COVID-19 xəstələrində homeostaz pozuntularının korreksiyasında antikoaqulyant terapiyanın rolu” mövzusunda təqdimatla çıxış edib. Konfransda COVID-19 infeksiyasının klinik təzahürləri barədə geniş məlumat verən Dr.Təranə Göyüşova, koronavirusun yeni ştamlarının yuxarı tənəffüs yollarının yüngül simptomlarından başlayaraq, ağır pnevmoniya, koaqulopatiya, sepsis, hətta ölüm hallarına qədər geniş spektrli klinik tənəffüs xəstəlikləri ilə nəticələndiyini bildirib. Dr.Təranə Göyüşova COVID-19-un proqressiv ağciyər endotelial sindromu, ağciyərdənkənar ağırlaşmaların riskinin artması, xəstəxanalarda stasionar və reanimasiya şöbələrində yerləşdirilmiş xəstələrin fərqli müalicəsindən danışıb.
Mərkəzi Gömrük Hospitalının Reanimasiya və intensiv terapiya şöbəsinin anestezioloq-reanimatoloqu Xəyal Məmmədov konfransda “Ağır ağciyər çatışmazlığı olan COVID-19 xəstələrində EKMO ilə təcrübə” mövzusunda çıxış edib. Dr.Xəyal Məmmədov çıxışında bildirib ki, COVİD-19 infeksiyası xəstələrində ağciyər və sistemli iltihab reaksiyasının kəskinləşməsi nəticəsində pasiyentlərin həyatlarını itirməsi riski kəskin artmışdır. Artan ölümlərin qarşısını almaq üçün Mərkəzi Gömrük Hospitalında EKMO-nun tətbiqinə başlanılmışdır. Belə ki, EKMO qanı bədəndən alıb oksigenləşdirib, yenidən ürəyə, qan dövranına qaytarır. Bu cihaz kəskin ürək və ağciyər çatışmazlığı olan xəstələrdə həmin orqanların funksiyalarını öz üzərinə götürür və həmin xəstələrin ürək və ağciyər orqanlarının bərpa etməsinə zaman qazandırır. Bu aparatın tətbiqi ilə ağır COVİD-19 xəstələrinin həyatda qalma şansı 50% artmışdır.
Dr.Xəyal Məmmədov öz çıxışında həmçinin, EKMO-nun quruluşundan, tarixindən, onun standart süni qan dövranından fərqlərindən danışıb. O, bildirib ki, Azərbaycanda ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalının Reanimasiya və İntensiv terapiya şöbəsinin yüksəkixtisaslı həkimləri tərəfindən ən ağır COVID-19 xəstələrinin müalicəsində ekstrakorporal membran oksigenasiyası (EKMO) üsulundan uğurla istifadə edilmişdir. Təqdimatlardan sonra Mərkəzi Gömrük Hospitalının həkimləri konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.