Bakı. Trend:
Son günlərdə ölkəmizdə COVİD-19 xəstəliyinə yoluxma sayında azalma müşahidə edilir. “Omikron”un koronavirusun digər variantlarını üstələməsi və onlara nisbətən yüngül keçməsi pandemiya ilə bağlı ümidverici proqnozlar verməyə sövq edir. Xəstəliyin azalmasında əhalinin əhəmiyyətli hissəsinin yeni koronavirus infeksiyasına qarşı peyvənd olunması ilə əlaqədar formalaşan kollektiv immunitetin böyük rolu olmuşdur.
Buna baxmayaraq, pandemiya hələ də bitmiş sayılmır. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi son məlumatlara əsasən, bir sıra ölkələrdə omikron ştamının alt variantı stels-omikron (BA.2) intensiv yayılması aşkar edilib. BA.2 alt variantın yaratdığı COVİD-19 xəstəliyi simptomlarına və gedişatına görə omikron ştamının digər variantlarından fərqlənmir. Xəstəlik ağır klinik formada bir qayda olaraq, vaksinasiya olunmamış insanlarda baş verir. Belə ki, peyvənd olunmayan və yüksək risk altında olan insanlar bu xəstəliyə qarşı daha diqqətli olmalıdırlar.
BA.1 alt variantı ilə müqayisdə BA.2 variantı daha çox infeksiya yaradır. BA.2 aıt variantının konkret xüsusiyyətləri hələ də öyrənilir. Hazırki şəraitdə yoluxma sayının azalmasına baxmayaraq, COVİD-19 virusunun yeni növ variantlarına yoluxmanın qarşısını almaq və o cümlədən, yoluxarkən xəstəliyi yüngül şəkildə keçirtmək üçün vaxtında peyvənd olunmağı, ictimai yerlərdə maskalardan istifadə etməyi, mümkünsə insanların sıx toplaşdığı yerlərə getməməyi və digər ÜST-ün profilaktik tədbirlərinə riayət etməyi məsləhət görürəm.