...

Bakı Ali Neft Məktəbinin “SPE BHOS” komandası ABŞ-də Azərbaycanı təmsil edəcək

Cəmiyyət Materials 22 Aprel 2022 10:00 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin “SPE BHOS” komandası ABŞ-də Azərbaycanı təmsil edəcək

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) “SPE BHOS” komandası Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti (SPE) tərəfindən təşkil edilən beynəlxalq “Petrobowl” yarışının Regional turunun qaliblərindən biri olub. Yarış Xəzər və Rusiya regionunu əhatə edib. “SPE BHOS” komandası Xəzər regionunu BANM adından yarışın beynəlxalq turunda təmsil etmək hüququ qazanıb.

Bununla da BANM-in “SPE BHOS” komandası bu il Amerikanın Texas ştatında keçiriləcək SPE-nin illik texniki konfransı və sərgisi çərçivəsində “Petrobowl” yarışının finalına vəsiqə qazanıb.

Qaliblərdən biri olan “SPE BHOS” komandasının üzvləri BANM-in Neft-qaz mühəndisliyi ixtisasının tələbələri Leyla Abdullayeva, Vüsal Kərimov, Kənan Məmmədov, Coşqun Səmədov və Fərdin Vətənidir.

Beynəlxalq "PetroBowl" yarışması Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin tələbələrin inkişafı üzrə həyata keçirdiyi proqramlardan biridir. Bu yarışda tələbələr komanda şəklində iştirak edirlər. Yarış bir neçə mərhələdən ibarət olur və hər bir mərhələdə iştirakçı komandalar texniki və qeyri-texniki suallara cavab verirlər. 2015-ci ildə yarışın 6 regionda təşkil edilməsi ilə onun beynəlxalq statusu təmin olunub.

"PetroBowl" Çempionatı hər il beynəlxalq səviyyədə müxtəlif ölkələrdə keçirilir və səkkiz regiondan səkkiz komanda bu yarışda iştirak edir. Regionlardan hansı komandanın beynəlxalq yarışa vəsiqə qazanacağı "PetroBowl" Regional Çempionatında müəyyən edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti