...

ANAMA Qarabağda fəaliyyət göstərəcək arıçı - fermerlərə təhlükəsizlik qaydalarına dair təlim keçib

Cəmiyyət Materials 1 May 2022 18:46 (UTC +04:00)
ANAMA Qarabağda fəaliyyət göstərəcək arıçı - fermerlərə təhlükəsizlik qaydalarına dair təlim keçib

Bakı. Trend:

Qarabağda fəaliyyət göstərəcək 46 nəfər arıçı-fermer və mütəxəssislərə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən davranış və təhlükəsizlik qaydalarına dair təlim keçirilib.

Agentlikdən Trend-ə verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyinin müraciətinə əsasən keçirilən təlim, işğaldan azad edilən Füzuli, Cəbrayıl və Xocavənd rayonları ərazilərində arıçı ailələrə dəstək pilot layihəsinin başlanılmasına xidmət edir. Qeyd edilən rayonlarda öncədən müəyyən edilən sahələr üzrə ANAMA tərəfindən təmizlənmə, yoxlanılma, monitorinq keçirilib və yaxın zamanda arıçı ailələrin köçürülməsi planlaşdırılır. Qarabağ bölgəsinin iqlim müxtəlifliyi və zəngin bitki örtüyü bu sahənin inkişaf potensialını daha da artırır.

Qarabağ bölgəsinə səfər edən, burada bərpa və quruculuq işlərinə cəlb olunan, həmçinin sahibkarlıqla məşğul olan hər bir şəxs, mütləq şəkildə xüsusi davranış və təhlükəsizlik qaydalarına əməl etməlidir. Göstərişlərə riayət etməyən şəxslərin mina və partlamamış hərbi sursat qurbanı olmaq ehtimalı yüksəkdir.

Bugünədək ANAMA mütəxəssisləri tərəfindən işğaldan azad edilmiş rayonlarda arıçılıqla məşğul olan 100-dən çox fermerə mina təhlükəsizliyinə dair təlim keçirilib. Ümumiyyətlə, Qarabağ bölgəsində bərpa və quruculuq fəaliyyəti ilə məşğul olan dövlət və özəl təşkilatların nümayəndələrindən 5 000 nəfərdən artıq əməkdaş Agentliyin təhlükəsizlik qaydaları barədə təlimlərdə iştirak edib.

ANAMA tərəfindən həyata keçirilən partlayıcı sursatların təhlükəsinə dair təlimlər əsasən ümumi maarifləndirmə, təlimçilərin təlimi, icma əsaslı və məktəblərdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə istiqamətində həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti