...

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu “Hamiləlikdə kalsium istifadəsi” mövzusunda məlumat verib

Cəmiyyət Materials 16 May 2022 14:29 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu “Hamiləlikdə kalsium istifadəsi” mövzusunda məlumat verib

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin mama-ginekoloqu Leyla Qaçaylı “Həkim məsləhəti” rubrikasında “Hamiləlikdə kalsium istifadəsi” mövzusunda ətraflı məlumat verib.

Hamilənin kalsium ehtiyacı əsasən ana bətnindəki körpənin sümüklərinin sürətlə inkişaf etdiyi son aylarda artmış olur. Kalsium dölün ürək-damar, sinir sistemi və əzələlərinin formalaşmasına kömək edir, eyni zamanda ürək ritmi və qan laxtalanma sisteminin qurulmasında mühüm rol oynayır. Bundan başqa, kalsium hipertenziya və preeklampsiya riskini də azaltmış olur.

İnsan vücudundakı kalsiumun 99%-i sümüklərdə və dişlərdə toplanır. Qalan hissəsi isə yumşaq toxumalarda və qanda yer alır. Hamiləlik zamanı dölün inkişafı üçün lazım olan kalsium ehtiyacı ananın orqanizmindən sorularaq qarşılanır. Bu zaman orqanizmə yetərli miqdarda kalsium daxil olmadıqda kalsium ananın sümüklərindən sorulur və nəticədə kalsium yetməzliyi əmələ gəlir. Bu, hətta sümük əriməsinə belə gətirib çıxara bilər. Orta hesabla hamilə hamiləlik və südvermə dövründə sümük kütləsinin 3-5%-ni itirir. Əgər qadın qidalanma zamanı yetərsiz miqdarda kalsium alarsa, o zaman bu faiz daha da böyüyür. Hamiləlik zamanı gündəlik kalsium ehtiyacı 1000 mg təşkil edir.

Hamiləlik zamanı kalsium əksikliyinin səbəblərinə qida rasionunda kifayət miqdarda kalsiumun olmaması, kalsium sorulmasında pozulmalar, eyni zamanda kalsium metabolizmasında önəmli rol oynayan maqnezium və D vitamini əksikliyi aiddir.

Kalsium yetməzliyi zamanı hamilədə ən çox rast gəlinən əlamətlərə əllərdə və ayaqlarda qarışqa gəzməsi hissiyyatı, ayaqlarda qıcolmalar, dəri quruluğu, dırnaqların tez-tez sınması, yaddaş zəifliyi, depressiya, əzələ ağrıları, diş çürükləri və diş əti problemlərini göstərmək olar.

Kalsium ən çox süd və süd məhsullarında mövcuddur. Belə ki, bir stəkan süd və ya qatıqda 250 mg kalsium var. Bundan başqa, badam, qoz, noxud, küncüt, kişmiş, püstə, ərik, banan, portağal, soya da kalsiumla zəngin qidalardandır. Hamilənin kalsium ehtiyacını qarşılaması üçün ən gözəl üsul düzənli və balanslaşdırılmış qidalanmadır. Kalsium yetməzliyi zamanı hamilələr həkim göstərişinə əsasən kalsium tərkibli tabletlərdən də istifadə edilə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti