...

AzMİU rektoru imtahan sessiyası öncəsi tələbələrlə görüşüb (FOTO)

Cəmiyyət Materials 20 May 2022 21:00 (UTC +04:00)
AzMİU rektoru imtahan sessiyası öncəsi tələbələrlə görüşüb (FOTO)

Bakı. Trend:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova rektorluq, müəllimlər və ictimai təşkilatların nümayəndələri ilə birgə imtahanöncəsi tələbələrlə görüşüb. AzMİU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov tədbiri açaraq bildirib ki, görüşün təşkilində məqsəd yaz semestrinin imtahanlarına tələbələrin hazırlıq səviyyəsini öyrənmək, onların imtahanlarla bağlı çətinlik və problemlərini dinləmək, suallarını cavablandırmaq və onların imtahanlara hazırlıq prosesində qarşılaşa biləcəkləri çətinliklərin operativ həllinə nail olmaqdır.

Tədbir iştirakçılarını salamlayan rektor universitet rəhbərliyinin tələbələrlə görüşünün artıq ənənə halını aldığını, lakin COVİD 19 pandemiyası səbəbindən belə görüşlərin məhdudlaşdığını, müəyyən vaxtlarda onlayn keçirildiyini bildirib. G.Məmmədova çıxışında pandemiyanın digər sahələrdə olduğu kimi, təhsil sisteminə, tədris prosesinə mənfi təsirinə toxunub, bütün çətinliklərə baxmayaraq universitetdə dərslərin uğurla aparıldığını, müəllim və tələbələrin aktivliyini xüsusi vurğulayıb. Payız semestrində olduğu kimi, yaz semestrində də ənənəvi imtahanların təşkili qaydalarından danışan rektor artıq maska, imtahan zallarında say və digər məsələlərlə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını tələbələrin diqqətinə çatdırıb. Bildirib ki, postpandemiya dönəmində keçiriləcək imtahanlarda tələbələrə hər hansı güzəştlər edilməyəcək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunacaq. “İmtahan nəticələrindən narazı qalan tələbələrin şikayətlərinin qısa zamanda araşdırılıb müvafiq qərar qəbul edilməsi üçün İmtahan qərargahı, Appelyasiya komissiyası yaradılacaq, hər bir müraciətə, şikayətə ayrı-ayrılıqda baxılacaq. Sizin hər birinizin biliyinin obyektiv qiymətləndirilməsində prinsipial mövqeyimizi yenə də qoruyacağıq”. Çıxışının sonunda rektor universitet rəhbərliyinin hər zaman tələbələri dinləməyə, fikir, təklif və şikayətini eşitməyə hazır olduğunu deyib. Ümid edib ki, ənənəyə çevrilən belə görüşlərin sonunda söylənilən təkliflər, iradlar istiqamətində işlər görüləcək, tələbələrin istəyi nəzərə alınacaq.

Tədris işləri üzrə prorektor Akif Qasımov da imtahan sessiyasının təşkilindən, imtahanların test, yazılı və qabiliyyət tələb olunan ixtisaslarda özünəməxsus formada keçiriləcəyindən, tələbələrin imtahanlara hazırlaşa bilməsi üçün imtahan qəbul ediləcək bütün fənlərin mühazirə mətnləri, fənlər üzrə imtahan suallarının artıq tələbələrin kabinetinə yerləşdirilməsindən danışıb. Tədris prosesində tələbələrin üzləşdiyi problemləri dinləməyə hazır olduğunu söyləyib, tələbələrə öz tövsiyələrini verib, qarşıdan gələn imtahan sessiyasında uğurlar arzulayıblar.

2 saata yaxın davam edən görüşdə qarşıda duran perspektivlər, Türkiyə və Avropa universitetləri ilə əməkdaşlıq, ikili diplom müqavilələri ilə bağlı yeniliklər ətrafında da fikir mübadiləsi aparılıb, tələbələrin çoxsaylı sualları ətraflı cavablandırılıb, müraciət və təklifləri dinlənilib. Görüşün sonunda rektor tələbələrə imtahan sessiyasında uğurlar arzulayaraq onları daha fəal və intizamlı olmağa çağırıb, problemlərinin yerindəcə həll edilməsinə dair göstərişlər verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti