...

Qazaxıstan və Qırğızıstanda Debat Çempionatları keçirilib (FOTO)

Cəmiyyət Materials 2 İyun 2022 10:37 (UTC +04:00)
Qazaxıstan və Qırğızıstanda Debat Çempionatları keçirilib (FOTO)

Bakı. Trend:

İslam Əməkdaşlıq Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin (İƏT Gənclər Forumu ARM) təşkilati dəstəyi ilə Qazaxıstan və Qırğızıstanda növbəti Debat çempionatları keçirilib.

Qeyd etmək lazımdır ki, İƏT məkanında gənclərin intellektual səviyyəsinin və liderlik bacarıqlarının artırılması məqsədi daşıyan bu beynəlxalq layihə ilk olaraq ölkələr üzrə milli mərhələdə keçirilir, daha sonra hər ölkədən qalib olmuş komandaların iştirakı ilə beynəlxalq yarış baş tutur. İƏGF-ARM-nin təşəbbüsü ilə bu layihə milli səviyyədə ilk dəfə bu ilin fevral ayında Azərbaycanda keçirilib. Azərbaycanda qazanılmış təcrübə əsasında növbəti aylarda bu yarışlar digər ölkələrdə də İƏGF ARM tərəfindən təşkil olunması qərara alınıb.

Qazaxıstanda “Amanat” partiyasının gənclər qanadının təşkilatçılığı ilə keçirilən çempionata (Amanat kuboku) 600 gənc arasından seçilən 50-dən çox gənc iştirakçı qatılıb. Sözügedən partiyanın gənclər qanadının sədri Nurlan Jetpisbayevin verdiyi məlumata görə, debatlarda ölkədə konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı keçiriləcək referendum, dövlət simvollarının əhəmiyyəti, yeni yaradılan regionların iqtisadi inkişafı və başqa problemlər müzakirə olunub. Debat çempionatının qalibləri seçilmiş Pavlodar vilayətindən “Gənc tədqiqatçılar”, Almatını təmsil edən “Kunayev” təşkilatı 6 ölkənin iştirakı ilə keçiriləcək Beynəlxalq Debat Turunda Qazaxıstanı təmsil edəcəklər.

Qırğızıstanın paytaxtı Bişkek şəhərində yerləşən Yusuf Balasuqunlu adına Qırğızıstan Milli universitetində İƏT Gənclər Forumu ARM və Birləşmiş Gənclər Hərəkatının həmtəşkilatçıları olduğu, eləcə də ölkənin Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi və Qırğızıstan Gənclər Konqresinin informasiya dəstəyi ilə Debat çempionatı (YNTYMAK kuboku) keçirilib. Qırğızıstan Gənclər Konqresinin rəhbəri Askar Şaykidinov proqramın əsas məqsəd və vəzifələri haqda məlumat verərək, iştirakçılara uğurlar, eləcə də tədbirin kreativ və maraqlı keçməsini arzulayıb. Britaniya parlamenti modelində keçirilən Debat çempionatında ölkənin iqtisadi inkişafı, ətraf mühit, informasiya texnologiyaları, regional təhlükəsizlik, süni intellekt və başqa aktual xarakter kəsb edən mövzular müzakirə edilib. 72 gənc debatçının və 36 komandanın qatıldığı bu tədbirdə 3 finalçı müəyyən edilərək pul mükafatı, kubok və sertifikatlarla təltif ediliblər.

Qeyd etmək lazımdır ki, hər iki tədbirin açılış mərasimində İƏT Gənclər Forumu ARM adından təbrik nitqləri ilə çıxış edən Mərkəzin Baş direktor vəzifələrini icra edən Vüsal Qurbanov, Akerke İsgəndərova, Səid Omanov və Nicat Səfərov iştirakçılara uğurlar arzu edərək, debat çempionatlarının davamlı olmasının vacibliyini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti