...

Peşələr Festivalının növbəti dayanacağı Gəncə şəhəri olub (FOTO)

Cəmiyyət Materials 3 İyun 2022 13:17 (UTC +04:00)
Peşələr Festivalının növbəti dayanacağı Gəncə şəhəri olub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə keçirilən Peşələr Festivalının növbəti dayanacağı Gəncə şəhəri olub.

Festivalda Agentliyin idarə heyətinin sədri Mustafa Abbasbəyli, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Musa Quliyev, dövlət və özəl qurumların nümayəndələri, yerli ekspertlər, işəgötürənlər, tələbə və gənclər iştirak edib.

Tədbirdə yeniyetmə və gənclərin müasir əmək bazarı barədə məlumatlılığının və peşələrə marağının artırılmasında, əmək bazarının tələblərinə uyğun peşə seçimində festivalın rolu yüksək qiymətləndirilib.

Bildirilib ki, ölkənin 10 rayon və şəhərində “Öyrən, Əylən, Peşəni seç” devizi ilə, müxtəlif peşələr üzrə ekspertlərin iştirakı ilə keçiriləcək festivalda iştirakçılar peşələr üzrə hansı bacarıqların tələb olunduğunu öyrənəcək. Daha sonra qonaqlar festivalda təqdim olunan peşələrin stendləri ilə tanış olub, ekspertlərlə söhbət ediblər.

Növbəti festival 5 iyun 2022-ci il tarixində Şəkidə keçiriləcək. Festivalda iştirak ödənişsizdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti