Bakı. Trend:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 22 iyul Milli Mətbuat Günü münasibətilə səmərəli əməkdaşlıqda seçilən jurnalistlərin mükafatlandırılması mərasimini keçirib.
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Komitə sədri Bahar Muradova ictimaiyyətin məlumatlandırılmasında fəal iştirak edən bütün media nümayəndələrini, xüsusilə də ailə, qadın və uşaq məsələlərinin işıqlandırılması istiqamətində səmərəli fəaliyyət göstərən jurnalistləri peşə bayramları münasibətilə təbrik edib.
O bildirib ki, 147 il əvvəl Müsəlman Şərqində qabaqcıl addımlardan biri olan “Əkinçi” qəzetinin yaranması ilə Azərbaycan mətbuatının bünövrəsi qoyulub. "Azərbaycanın ictimai-siyasi və ədəbi fikir tarixinə nəzər saldıqda bu müddət ərzində böyük bir inkişaf yolu keçdiyimizi qətiyyətlə söyləyə bilərik. Həmin zamanlarda babalarımız sözlə, fikirlə insanları maarifləndirmənin, tərəqqi yoluna yönəltmənin vacibliyini hədəf kimi qarşıya qoymuşdular",- B. Muradova deyib.
Bu gün Şuşada keçirilən Beynəlxalq Media Forumunun vacibliyini bildirən Dövlət Komitəsinin sədri ilk dəfərdir ki, Azərbaycan mətbuatının doğum gününün Şuşa zirvəsində qeyd edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, ölkə Prezidenti cənab İlham Əliyevin bu beynəlxalq foruma ünvanladığı təbrik məktubunda əksini tapan məqamları qeyd edib.
“Biz bu gün jurnalistikadan danışırıq, burada əsas kriteriya peşəkarlıq, ictimai, milli və dövlət maraqlarını hər şeydən üstün tutmaq, eyni zamanda gözlənti obyektivlik və ədalətli yanaşmadır” – deyən B. Muradova həmçinin bildirib ki, müxtəlif sosial qrupların ictimai mənafeyi naminə mövqelərimizi də uzlaşdırmaq çox vacibdir.
Mətbuat nümayəndələrinin Dövlət Komitəsi ilə səmərəli və faydalı əməkdaşlığını yüksək qiymətləndirən B. Muradova ötən illər ərzində jurnalistlərin iştirakı ilə həyata keçirilən mühüm tədbir və layihələri nəzərə çatdırıb və bu dostluq münasibətlərinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Daha sonra KİV nümayəndələrinə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlığa görə sertifikat və hədiyyələr təqdim edilib.
Media nümayəndələri Dövlət Komitəsinə təşəkkürlərini bildirərək, qarşılıqlı əməkdaşlığın təkmilləşdirilməsi üçün bir sıra təkliflərlə çıxış ediblər.