Bakı. Trend:
Vətən Müharibəsinin ikinci il dönümündə Xaçmaz rayonunun Pirquluoba
kəndində şəhid Orxan Çobanovun əziz xatirəsinin əbədiləşdirilməsi
məqsədilə yaradılan Ağır Atletika İdman Klubu istifadəyə verilib.
Açılış mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur
Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid
ailələri, qazilər və idman ictimaiyyətinin nümayəndələri iştirak
edib.
İştirakçılar, əvvəlcə, şəhid gizir Orxan Çobanovun məzarını ziyarət ediblər.
Tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri və qazilərlə görüşü zamanı qəhrəman oğulların döyüş yolundan, Vətən müharibəsində göstərdikləri şücaətlərdən danışıb. Bildirib ki, Xaçmaz rayonunda şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində işlər davam etdiriləcək.
Qeyd edib ki, yaşayış məntəqlərində belə idman klublarının yaradılması gənc nəslin sağlam ruhda böyüməsinə və idmanın inkişafına təkan verəcək. Pirquluoba kəndində istifadəyə verilən Ağır Atletika Klubuna idmançı şəhidimiz Orxan Çobanovun adının verilməsi isə yerli atletlər üçün xüsusi stimul olacaq.
Şəhid ailələri və qazilər Ağır Ateletika Klubuna Vətən
müharibəsi şəhidi Orxan Çobanovun adının verilməsini yüksək
qiymətləndirib.
Şəhid atası Zahid Çobanov qəhrəman oğulların adının
əbədiləşdirilməsi istiqamətində Xaçmaz rayonunda görülən işləri
müsbət dəyərləndirib, göstərilən yüksək diqqət və qayğıya görə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Daha sonra rayon rəsmiləri şəhid ailələri və qazilərlə birlikdə idman klubunda yaradılan şəraitlə tanış olublar. İdman klubunda şəhid Orxan Çobanovun müxtəlif idman yarışlarında qazandığı uğurları özündə əks etdirən guşə yaradılıb.
Məlumat verilib ki, sahibkara məxsus olan idman klubu tam uyğunlaşdırılıb və trenajor avadanlıqları ilə təmin olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəraiti yüksək qiymətləndirib.