Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən dünya ölkələrinin əczaçılıq sahəsinin milli tənzimləyici qurumlarına Hindistanın Maiden Pharmaceuticals şirkəti tərəfindən istehsal olunan 4 öskürək və soyuqdəymə siropu ilə bağlı xəbərdarlıq göndərilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, oktyabrın 6-da göndərilən xəbardarlığa əsasən, Promethazine Oral Solution BP, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup, Magrip N Cold Syrup adlı öskürəyə və soyuqdəyməyə qarşı şərbətlər keyfiyyətsizdir (qeyri-standart).
Qeyri-standart (substandart) dərmanlar öz keyfiyyətinə, standartlarına və spesifikasiyasına uyğun gəlməyən dərmanlardır.
Qeyd edək ki, Analitik Ekspertiza Mərkəzinin Qeydiyyat-ekspertiza şöbəsinin qeydiyyat bazasına əsasən sözügedən dərmanlar Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçməyib.