Bakı. Trend:
Birinci Qarabağ müharibəsində Azərbaycan humanitar fəlakətlə üz-üzə qalmışdı, yüzminlərlə insan məcburi köçkün vəziyyətinə düşmüşdü.
Trend-in məlumatına görə, bunu bu gün BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Guido Ambroso Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 3 illiyi və BMT Günü münasibətilə keçirilən Beynəlxalq Xeyriyyə Yarmarkasının açılış mərasimində deyib.
O bildirib ki, son 30 ildə Azərbaycan iqtisadi inkişaf və insan resurslarının inkişafı baxımından böyük uğurlar əldə edib: “Nəhayət 30 ildən sonra yüzminlərlə insan öz yurdlarına qayıtmaq imkanı əldə edib. Azərbaycan COVID-19 pandemiyası dövründə də həm regional, həm də qlobal səviyyədə pandemiya ilə mübarizə cəhdlərinə öz töhfəsini verib, digər ölkələrə bu istiqamətdə humanitar yardımlar göstərib. Eyni zamanda Azərbaycan mədəniyyətlərarası dialoq, multikulturalizm məsələsində fəal iştirak edir və bu istiqamətdə çoxsaylı tədbirlərə ev sahibliyi edir. Biz çox şadıq ki, son 30 ildə Azərbaycan-BMT münasibətləri yardım müstəvisindən tərəfdaşlıq səviyyəsinə keçib”, - deyə o qeyd edib.