Bakı. Trend:
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Qəbələdə "Milli-mənəvi dəyərlərin təbliğində QHT və dini icmaların rolu" mövzusunda regional konfrans keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Amil Cavadov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova, eyni zamanda dini icma rəhbərləri, QHT sədrləri iştirak ediblər.
Konfransda gənclərimizin radikalizmdən uzaqlaşdırılması, onlarda vətənpərvərlik hissinin aşılanması, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə birgə müxtəlif layihələrin reallaşdırılmasının vacibliyinə toxunulub, faydalı təkliflər irəli sürülüb.
Qeyd edək ki, konfrans çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən Yalağaclı məscidi, “Alban Udi Ocağı”, “Cotari” Alban-Udi və Müqəddəs Məryəm Ana kilsələri ziyarət edilib. Tədbir iştirakçılarına dini ibadətgahlar haqqında geniş məlumat verilib.