Bakı. Trend:
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində “Ali təhsildə potensialın gücləndirilməsi” fəaliyyət kateqoriyasında həyata keçirilən (15.01.2021-14.01.2024) “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsi çərçivəsində “Ali təhsildə beynəlmiləlləşmə potensialının artırılması” mövzusunda təlim keçirilib.
Dövlət Gömrük Komitəsinin Akademiyasından Trend-ə bildirilib ki, Brüssel şəhərində keçirilən 12-17 dekabr tarixlərini əhatə edən təlimdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, layihənin tərəfdaş qurumları olan Azərbaycan ali təhsil müəssisələrinin rektorları, prorektorları və beynəlxalq ofislərinin nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) Tədris və innovasiyalar üzrə rəis müavini Araz Aslanlı və Akademiyanın Beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Mecidov iştirak edərək Akademiyanı təmsil ediblər.
Bakı Biznes Universitetinin koordinatorluğu çərçivəsində və “EFMD Global” şirkəti tərəfindən təşkil edilmiş bir həftəlik təlim səfəri layihənin fəaliyyət planına uyğun olaraq, Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrini Avropa və Cənub-Şərqi Asiyada ali təhsil sahəsində beynəlmiləlləşmə təcrübələri, beynəlxalq şəbəkələrlə iş və beynəlxalq strategiyaların yaradılıb icra edilməsi haqqında geniş və praktiki məlumatlarla təmin edib. Təlimin panel sessiyalarında “EFMD Global” şirkətinin rəhbərliyi və Beynəlxalq Layihələr şöbəsinin əməkdaşları, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Brüssel Ofisinin və digər xarici ali təhsil müəssisələrinin ekspertləri çıxış ediblər.
Çıxışlar ali təhsildə beynəlmiləlləşmə fəaliyyətlərinin çoxsaylı sektorlarını, xüsusilə, ölkə daxilində (tədqiqatların və kurikulumların) və xaricində (mobillik, maliyyə proqramları, şəbəkələr və təşkilatlar) ali təhsil müəssisələrinin beynəlmiləlləşmə fəaliyyətlərini əhatə edib. Zəngin beynəlxalq təcrübələri auditoriyaya çatdıran təqdimatlar beynəlxalq şəbəkələrin ali təhsil müəssisələri üçün dəstəkləyici rolu, beynəlxalq akkreditasiya proqramları və keyfiyyət təminatı, beynəlmiləlləşmə strategiyaları üçün beynəlxalq layihələr, beynəlmiləlləşmədə milli və regional şəbəkələrin rolu, Azərbaycan ali təhsil müəssisələrinin beynəlmiləlləşməsi və s. kimi xüsusi mövzuları əhatə edib.
Təlim həftəsi zamanı Azərbaycan nümayəndə heyəti Avropa Təhsil və Mədəniyyət İcraçı Agentliyində Erasmus+ layihələri haqqında keçirilmiş görüşdə iştirak edib.
Səfər çərçivəsində, həmçinin Gömrük Akademiyasının nümayəndələri “EFMD Global” şirkəti, DAAD, Kral Texnologiya İnstitutu, Antverp Universiteti, Avropa Beynəlxalq Təhsil Assosiasiyası və İspaniya Universitetlərinin Rektorlar Konfransının nümayəndələri ilə əməkdaşlıq və tərəfdaşlıq üzrə faydalı və məhsuldar müzakirələr aparıblar.
Gömrük Akademiyasının ECAR layihəsində tərəfdaşlığına 2021-ci il ərzində layihə konsorsiumu tərəfindən baxılıb, 2021-ci ilin dekabrında Avropa Təhsil və Mədəniyyət İcraçı Agentliyi Akademiyanın layihəyə benefisiar olaraq qoşulmasını qəbul edib və layihənin qrant müqaviləsinə müvafiq düzəlişi qəbul edib. 2022-ci ilin fevralında DGKA-nın layihədə iştirakı Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Aİ-nin Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin koordinator qurumu Bakı Biznes Universitetidir. Layihə 18 Azərbaycan ali təhsil müəssisəsi, Aİ ölkələrindən (Belçika, Fransa, İsveç, Litva, Polşa) 7 tam tərəfdaş qurum və Aİ ölkələrindən olan 4 assosiativ tərəfdaş müəssisədən ibarət konsorsium tərəfindən həyata keçirilir.