Bakı. Trend:
İşğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislər üçün birdəfəlik müavinətin 5 il ərzində ildə bir dəfə verilməsi nəzərdə tutulur.
Bu barədə Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
O bildirib ki, müavinətin məbləği hələ ki, təsdiq olunmayıb.
Qeyd edək ki, Milli Məclis tərəfindən təsdiq olunan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliyə əsasən, işğaldan azad olunmuş ərazilərdə işləyən mütəxəssislər üçün birdəfəlik müavinət təyin olunması nəzərdə tutulur.
Bu məqsəd ilə qanunun 4-cü maddəsinə 4.0.2.4 bəndi ilə yeni müavinət növü – Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət təsis edilir. Eyni zamanda qanuna əlavə edilən 7.0.14 maddəsi ilə bu kateqoriyadan olan mütəxəssisə verilməsi nəzərdə tutulan müavinətin təyin olunma şərtləri müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə işləmək üçün azı bir il müddətində bağlanmış əmək müqaviləsi olduqda belə mütəxəssislərin maddi-məişət şəraitinin dəstəklənməsi üçün birdəfəlik müavinət veriləcəkdir.