...

Qarabağda olduğu kimi, Qərbi Azərbaycan məsələsində də ədaləti bərpa etməyə nail olacağıq – Afət Həsənova

Cəmiyyət Materials 30 Dekabr 2022 11:04 (UTC +04:00)

Bakı. Trend:

Öz doğma topaqlarından didərgin salınmış Qərbi Azərbaycandan olan soydaşlarımızın öz yurdlarına qayıtmaq hüququ təmin olunmalıdır. Qərbi Azərbaycan məsələsi bizim ümummilli məsələmizdir və hər birimiz bu istiqamətdə əlimizdən gələni etməliyik. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandan İlham Əliyevin nümayiş etdirdiyi dəmir iradəsi və qətiyyəti ilə Zəfər qazandıq. Düşünürəm ki, Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik və qarşıya qoyulan məqsədlərə nail olmalıyıq.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, tarixin müxtəlif vaxtlarında azərbaycanlılar etnik mənsubiyyətinə görə Qərbi Azərbaycan - indiki Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunub. Onlar öz ata-baba yurdlarından deportasiya edilməklə pərən-pərən salınıb. Deportasiya edilmiş soydaşlarımızın böyük əksəriyyəti Azərbaycan ərazisində məskunlaşıb. Soydaşlarımızın öz doğma yurdlarına qayıtmaq hüququ təmin edilməli və tarixi ədalət bərpa olunmalıdır.

“Dekabrın 24-də cənab Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında çox mühüm və haqlı məsələlərə toxundu və bu istiqamətdə görüləcək işlərin yol xəritəsini müəyyən etdi. Cənab Prezident vurğuladı ki, “Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”. Göründüyü kimi, Qərbi Azərbaycandan olan soydaşlarımızın öz doğma torpaqlarına qayıtmaq hüququ beynəlxalq sənədlərdə də təsbit olunur. Biz hər birimiz bu istiqamətdə əlimizdən gələni etməli və soydaşlarımızın bu hüquqlarının təmin edilməsinə nail olmalıyıq”, - deyə deputat bildirib.

A.Həsənova qeyd edib ki, bu coğrafiya son qarışına qədər Azərbaycanın tarixi torpaqlarıdır və azərbaycanlılar uzun illər dədə-baba yurdları olan Qərbi Zəngəzurda, Göyçə mahalında, İrəvanda, ümumiyyətlə, hazırda Ermənistanın qurulduğu, mövcud olduğu ərazilərdə yaşayıblar.

“Lakin azərbaycanlılar tarixin müxtəlif vaxtlarında öz doğma yurdlarından qovuldu, orada olan mədəni-tarixi irsimiz erməni vandalizminə məruz qaldı, dağıdıldı. Qərbi Azərbaycan – indiki Ermənistan ərazisində xalqımızın çox zəngin mədəni-tarixi irsi var. Bu da təsadüfi deyil, çünki əcdadlarımız minillər boyu bu ərazidə yaşayıblar. Bu gün də mədəni-tarixi irsimiz ermənilər tərəfindən dağıdılır, yer üzündən silinir. Bu ədalətsizliyə son qoyulmalıdır və soydaşlarımızın öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi və insani haqqıdır. Biz hər birimiz bu istiqamətdə öz töhfəmizi verməliyik, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlimizdən gələni etməliyik”, - deyə deputat bildirib.

Deputat vurulayıb ki, 30 illik işğal dövründə ermənilər ərazilərimizdəki bütün tarixi abidələrimizi, mədəni irsimizi, şəhərlərimizi, qəsəbələrimizi və kəndlərimizi məhv edib. “Bu illər ərzində beynəlxalq təşkilatlar ikili standartlar nümayiş etidərək ermənilərə heç bir təzyiq göstərmədi, onların bu cinayətkar əməllərinin qarşısını almaq üçün heç bir tədbir görmədi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, düzgün siyasəti və qətiyyəti sayəsində Azərbaycan ədaləti özü bərpa etdi və torpaqlarımız işğaldan azad olundu. İndi isə qarşımızda duran əsas məsələ Qərbi Azərbaycandan olan soydaşlarımızın hüquqlarını bərpa etmək və onların öz doğma yurdlarına qaytmasını təmin etməkdir. İnanıram ki, 44 günlük Vətən müharibəsində necə biz bir yumruq kimi birləşərək öz istəyimizə nail olduq, Qərbi Azərbaycan məsələsində də ədaləti bərpa etməyə nail olacağıq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti