...

Sosial islahatlar davam edir

Cəmiyyət Materials 10 Yanvar 2023 19:44 (UTC +04:00)
Sosial islahatlar davam edir

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial islahatlar əhalinin bu sahədə müdafiəsinin gücləndirilməsi və onun rifahının yaxşılaşdırılması məqsədi ilə nəzərdə tutulan tədbirləri uğurla reallaşdırır. Xüsusilə də son illərdə dünyada baş verən bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş Azərbaycana da təsirsiz ötüşmədiyi nəzərə alınmaqla respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının bu təsirlərdən qorunması üçün zəruri və məqsədyönlü addımlar atılır. Bu sosial islahatlar Zəfər dövrünü yaşayan qalib Azərbaycanda Böyük Qayıdış Proqramının realllaşdırıldığı bir dövrdə həyata keçirilir.

Ölkə Prezidentinin 5 yanvar 2023-cü il tarixli Sərəncamı da əhalinin rifahının qorunması sahəsində ardıcıl, sistemli tədbirlərin davamı olmaqla, eyni zamanda yalnız son beş ildə vətəndaş rifahının təminatı istiqamətində artıq 4-cü sosial islahat paketinin icrasına başlanmasını təmin edir. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin (VTC) bütün pillələri -19 pillə üzrə əməkhaqları da artacaq. Bura dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Əməkhaqqı artımı 700 min işçini əhatə edir. Onlardan 450 mini dövlət, qalan hissəsi özəl sektorda çalışanlardır. Bu əməkhaqqı artımı üçün illik 440 milyon manatlıq bir vəsait ayrılması təmin olunacaq.

Yeni sərəncama əsasən minimum aylıq pensiyanın da 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə də 10 gün ərzində Nazirlər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim ediləcək. Nəticədə minimum aylıq pensiya da 40 manat artımla 240 manatdan 280 manata çatdırılacaq. Bu artım isə 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək. Onu da qeyd edək ki, ötən il pensiyaçılara əlavə dəstək olaraq verilən maddi yardımlar bu ilin əvvəlindən pensiyalarının tərkibinə daxil edilib və növbəti mərhələ kimi bütün pensiyalar 2023-cü ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. Bu il pensiya ödənişlərinə 5 mlrd. 907 mln. manat yönəldilməsi nəzərdə tutulur ki, bu da 2022-ci ilə nisbətən 650 mln. manat çoxdur. Ümumilikdə 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunub ki, bu da 2023-cü ilin dövlət büdcəsinin də sosialyönümlü olduğunu göstərir.

Pensiyaların məbləği 2022-ci il üzrə orta aylıq əmək haqqının artım faizinə uyğun indeksləşdirilərək artırılacaq. Həmçinin vətəndaşların pensiya kapitalının ötən il üzrə istehlak qiymətlərinin artım tempinə uyğun olaraq indeksləşdirilərək artırılması təmin olunacaq. Ümumilikdə bu ilki yeni sosial islahat paketi çərçivəsində sosial ödənişlərdə növbəti artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək

Ümumilikdə sosial sahəyə daim xüsusi qayğı göstərən ölkə Prezidentinin tapşırıqları əsasında qeyd etdiyimiz kimi, son 5 ildə, yəni 2019-cu ildən başlayaraq artıq 4-cü sosial islahat paketidir ki, icrasına başlanır. Belə ki: Həmin dövrdə ilk sosial islahat kimi, 2019-cu il 4,2 milyon insanı əhatə edən əməkhaqları və digər sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artırıldı. Həmin artımlar üçün illik əlavə 3 mlrd. manat ayrıldı; 2020-ci ildə COVID-19 pandemiyasının məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması məqsədilə dəstək proqramları icra olunaraq, əhalinin 50%-ə qədəri bu proqramlarla əhatə olundu. Sosial müdafiə və aktiv məşğulluq proqramları 3 dəfəyə qədər genişləndi. Bu paket üçün də illik əlavə 600 milyon manat ayrıldı; 2022-ci ilin əvvəlindən ölkəmizdə islahatların növbəti mərhələsi reallaşdırılaraq sosial ödənişlərin artırılması istiqamətində yeni addımlar atıldı. İllik əlavə 1,5 milyard manat ayrılan bu sosial islahat paketi 2,1 milyon şəxsi əhatə etdi. Beləliklə, 2019-2022-ci illərdə islahat paketləri üzrə illik əlavə olaraq: 2019-cu ildə 4 milyard manat, 2020-ci ildə 600 milyon manat, 2022-ci ildə 1,5 mlrd. manat olmaqla, nəticədə son 4 ildə 4 milyon insanı əhatə edən 3 islahat paketi üzrə əlavə olaraq illik 6 milyard manat ayrılıb. 2023-cü ildə 2 milyona yaxın insanı əhatə edən yeni sosial islahat paketi üzrə isə illik daha 750 milyon manat əlavə vəsait nəzərdə tutulub.

Yeni Sərəncamla tətbiq eidlən artımlar da daxil olmaqla 2019-cu ildən ötən dövrdə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Həmçinin 2019-2022-ci illərdə: orta aylıq əməkhaqqı 52 faiz , orta aylıq pensiya 80 faiz , müavinət və təqaüd ödənişləri 3,5 dəfə artıb, pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə ayrılan illik vəsait 80 faiz, əməkhaqqı fondu 2,3 dəfə artıb.

Aztəminatlı ailələrin rifahında mühüm rola malik ünvanlı sosial yardımın hesablananda ehtiyac meyarı həddi əsas götürülür. Yəni, ailənin orta aylıq gəliri ailənin üzvlərinin hər biri üzrə ehtiyac meyarının cəmindən aşağı olduqda ailəyə ortada yaranan fərq qədər yardım təyin olunur. Beləliklə, ehtiyac meyarının artması aztəminatlı ailələrə təyin olunan ünvanlı yardımın da artmasına səbəb olur. Ehtiyac meyarı 2023- cü il üçün 23 faiz artırılaraq 200 manatdan 246 manata çatdırılıb ki, bu da cari ildə ailələrə təyin olunacaq ünvanlı sosial yardımın məbləğlərinin artımı ilə nəticələnəcək. Ümumilikdə, 2023-cü ildə ünvanlı sosial yardımlarının bir ailəyə düşəcək orta aylıq məbləğinin təxminən 535 manat olacağı gözlənilir ki, bu da 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 36 faiz çoxdur.

Vətəndaş rifahının təminatı, ölkə əhalisinin sosial müdafiəsi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində dayanır və ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istqiamətində ardıcıl islahatlar aparılır. 2023-cü il sosial islahatların həyata keçirildiyi növbəti illərdən biri olacaqdır.

Milli Məclisin deputatı

Rauf Əliyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti