...

MDU-da elmi konfrans: Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2023 22:38 (UTC +04:00)
MDU-da elmi konfrans: Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi (FOTO)

Bakı. Trend:

2023-cü ilin fevralın 1-də Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli” və 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda elmi konfrans keçirilib. Konfransda MDU-nun akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.

Universitetdən Trend-ə bildirilib ki, əvvəlcə, Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov gənc kollektiv üzvlərini, tələbə və magistrantları Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. Bu əlamətdar tarixi günün təsis edilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran rektor, Ulu Öndərin Azərbaycan gəncinə verdiyi yüksək dəyərdən bəhs edib.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə gənclər siyasətinin uğurla davam etdirildiyini qeyd edən Ş.Bayramov, cəmiyyətin gələcəyi və aparıcı qüvvəsi hesab edilən gənclərə göstərilən yüksək diqqət və qayğıdan, onların hərtərəfli inkişafı istiqamətində yaradılan imkanlardan danışıb. Bildirib ki, bu gün gənclərimizin elm, təhsil, mədəniyyət, incəsənət, idman və ictimai həyatın digər bütün sahələrində əldə etdikləri uğurlar hər birimizi fərəhləndirir və qürurlandırır.

Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində qazanılan tarixi Zəfərdən söhbət açan Ş.Bayramov vurğulayıb ki, 44 günlük Vətən müharibəsində yüksək qəhrəmanlıq və fədakarlıq göstərən Azərbaycan gənci həm informasiya cəbhəsində, həm də döyüş meydanında öz gücünü bir daha dünyaya nümayiş etdirdi və tarixi ədalətin bərpa olunmasında mühüm pay sahibi oldu. Rektor ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Azərbaycanın daha da güclənməsi və tərəqqisi naminə gənclərimizin üzərilərinə düşən vəzifələrin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə əminliyini ifadə edən Ş.Bayramov əbədiyaşar liderin gənclərimiz üçün miras qoyduğu zəngin dövlətçilik irsinin öyrənilməsi və təbliğinin önəmini vurğulayıb və konfransın əhəmiyyətini diqqətə çatdırıb.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU əməkdaşlarından Esmira Cəfərova “Ümummilli lider Heydər Əliyev və dövlət gənclər siyasəti”, Svetlana Balakişiyeva “Azərbaycan gəncinin düşüncəsində Heydər Əliyev fenomeni”, Məryəm Əsədova “Azərbaycanın gələcəyinin uğurlu təminatı müasir bilik və bacarıqlara səylə yiyələnən gənclərdir”, tələbə Pənah Kərimov “Millətinə və dövlətinə sadiq vətəndaş olmaq hər bir tələbə gəncin ümdə vəzifəsidir” və magistrant Xədicə Abdullayeva “Heydər Əliyev ideyalarına əsaslanan yeni dövrün gənclər siyasəti: Azərbaycanın gələcəyi etibarlı əllərdədir” mövzusunda məruzələrlə çıxış ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və gənc nəsil arasında təbliği MDU-da diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar olaraq, universitetdə “Heydər Əliyev İli” çərçivəsində gənclərə hədəflənən müxtəlif formatlı tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti