Bakı. Trend:
Yeni yarış mövsümünün uğurlu başlamasından şadam.
Bunu Trend-ə Bakıda keçirilən Batut üzrə dünya kubokunun bürünc mükafatçısı, azərbaycanlı gimnast Selcan Mahsudova deyib.
Xatırladaq ki, Mahsudova 52,910 xalla Dünya Kubokunda qadınlar arasında fərdi proqramda üçüncü yeri tutub.
"Yarışda yeni proqramı başa vurduğum və bürünc medal qazandığım üçün şadam. Etiraf edirəm ki, təsnifat zamanı müəyyən qorxular var idi. Ümid edirəm ki, növbəti turnirlərdə nəticəmi yaxşılaşdıracağam, səhvlərin üzərində işləyəcəyik”.
Selcan Mahsudova əlavə edib ki, seçmə çıxışdan sonra özünə inam yaranıb.
"Yarışdan gözləntilər özünü doğrultdu, indi növbəti dünya çempionatına hazırlaşacağam", - deyə S.Mahsudova bildirib.