Bakı. Trend:
Baş Dövlət Yol Polisi (DYP) İdarəsi moped sürücülərinə müraciət edib.
İdarənin şöbə rəisi Rövşən Tağıyevin Trend-ə verdiyi məlumata görə, son vaxtlar əksər insanlar moped sürücülərindən şikayət edir. Belə ki, moped sürücüləri tıxaclarda təhlükəli manevrlər edir, qaydaları bəzən kobud şəkildə pozurlar.
"Moped sürücülərinin çoxu isə kuryer xidməti ilə məşğul olur. Hər zaman harasa tələsən bu sürücülər bəzən həm öz həyatlarını, həm də digər sürücülərin həyatlarını təhlükə altında qoyurlar. Belə hallar isə sonda xəsarət və ölümlə nəticələnə bilir. Bir daha moped sürücülərindən tələb edirik ki, mopedlərdən istifadə zamanı təhlükəsizlik avadanlıqlarından (dəbilqə və s) istifadə etsinlər, yolda onlar üçün müəyyən olunan hissədə hərəkət etsinlər, eyni zamanda qayda pozuntularına yol verərək nə özləri, nə də digər hərəkət iştirakçıları üçün təhlükə yaratmasınlar", - müraciətdə deyilir.