Bakı. Trend:
Sosial şəbəkələrdə və mobil telefonlarda vətəndaşlara müxtəlif şirkətlərin adından iş təklifləri vəd edən mesajlar göndərilir.
Trend xəbər verir ki, saxta elanlarda insanlara az iş saatı, yüksək maaş kimi cəlbedici vədlər verilir.
Vətəndaşlara belə paylaşımlara inanmamaq, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamaq, bank və digər fərdi məlumatlarını daxil etməmək tövsiyə olunur. Bir çox dövlət qurumları, eləcə də banklar, mobil operatorlar vəziyyətlə bağlı vətəndaşları daha diqqətli olmağa çağıran xəbərdarlıq elanları göndərir.
Qeyd edək ki, bu üsul sosial mühəndislik hücumu adlanır. Sosial mühəndislik ssenari hazırlamaq kimidir. Hazırlanacaq bu ssenarinin yalnız bir məqsədi var; sistemə daxil ola bilmək üçün kifayət qədər məlumat əldə etmək. Sosial mühəndislik hücumlarında insanların zəiflikləri, qorxuları və diqqətsizliyi çox vaxt ən böyük silah olaraq istifadə edilir. Lazımi məlumatı əldə etmək, etibarınızı qazanmaq üçün dost ola bilər və hətta görüşə bilərlər.