...

Azərbaycanda peyvəndləmə sahəsində nöqsanlar aşkarlanıb - HESABAT

Cəmiyyət Materials 27 İyul 2023 12:45 (UTC +04:00)
Azərbaycanda peyvəndləmə sahəsində nöqsanlar aşkarlanıb - HESABAT
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

2016-2022-ci illərdə ölkə üzrə sərf olunan peyvənd dozalarının yalnız 44,5%-i uşaqların peyvəndlənməsinə sərf edilib, ümumi sərf edilən peyvəndlərin dəyərinin 51,1%-i itkiyə gedib.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının auditində deyilir.

Qeyd edilir ki, Palata 2023-cü il üçün İş Planına əsasən Azərbaycan Respublikasında uşaqların yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası sahəsində audit həyata keçirib.

Fəaliyyətin auditi immunoprofilaktika ilə bağlı fəaliyyətin təşkilinin səmərəliliyinin və həyata keçirilən immunoprofilaktika tədbirlərinin nəticəliliyinin müəyyənləşdirilməsi məqsədi daşıyıb.

Audit 1 yanvar 2016-cı il tarixdən 1 yanvar 2023-cü il tarixədək olan fəaliyyəti və 42081,8 min manat məbləğində vəsaiti əhatə edib.

Peyvənd ilə bağlı elektron məlumat bazası kimi 2007-ci ildə yaradılmış Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin (Nazirlik) operatoru olduğu “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi” (VESKS) çıxış etmiş, həmin bazaya 2011-ci ildən məlumat daxil edilməsinə başlanıb.

Nazirlik tərəfindən VESKS məlumatları ilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) kağız üzərində tərtib etdiyi illik statistik hesabat forması arasında kəskin fərqlər müəyyən olunub ki, bu da ölkədə peyvənd növləri üzrə sayın real şəkildə müəyyənləşdirilməsinə şərait yaratmayıb. Məlumat bazasının fəaliyyətini tənzimləyən hər hansı hüquqi çərçivənin yaradılmaması özəl tibb müəssisələri tərəfindən vurulan peyvəndlərin VESKS-a inteqrasiyası imkanlarının tənzimlənməməsinə şərait yaradıb ki, bu da peyvənd olunmuş uşaqların faktiki sayının dəqiq müəyyənləşdirilməsində risklərə yol açıb.

Eləcə də, peyvəndləmənin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində həyata keçirildiyini diqqətə alaraq bu tibb müəssisələrinin hüquq, vəzifə və öhdəliklərin tənzimlənməməsi fəaliyyətin ayrı-ayrı mərhələləri üzrə məsuliyyətin və hesabatlılığın müəyyənləşdirilməsinə şərait yaratmayıb.

Paylanan vaksinlərin adı və sayına, peyvənddən imtinalara dair məlumatların VESKS-ə daxil edilməməsi ayrı-ayrı peyvənd növləri üzrə cari vəziyyəti qiymətləndirmək, eləcə də imtina səbəblərinin təhlili yolu ilə bu sahədə fəaliyyətin, o cümlədən məlumatlandırma tədbirlərinin istiqamətlərinin təkmilləşdirilməsi imkanlarını məhdudlaşdırıb.

2016-2022-ci illər üzrə illik statistik hesabat formasındakı peyvənd sərfiyyatı göstəriciləri və VESKS-dakı peyvənd məlumatlarının təhlili faktiki olaraq həmin illərdə ölkə üzrə sərf olunan peyvənd dozalarının yalnız 44,5%-nin uşaqların peyvəndlənməsinə sərf edildiyini, qeyd edilən dövr ərzində gözləniləndən artıq itkiyə gedən peyvəndin dəyərinin ümumi sərf edilən peyvəndlərin dəyərinin 51,1%-ni təşkil etdiyini göstərir. VESKS-in yuxarıda göstərilən səbəblərdən tam təkmil olmaması iki məlumat bazası arasında uyğunsuzluğa səbəb olmaqla itki sayının çox olması qənaətini formalaşdırmaqla profilaktik peyvənd fəaliyyətinə ümumi nəzarəti təmin edən və peyvəndlərin istifadəsi barədə illik hesabatları tərtib edən Respublika GEM-i peyvəndin real itki dərəcələrini aylıq və illik əsasda nəzarətdə saxlamaq imkanından məhrum etmişdir.

Bakı şəhərinin rayonları və ölkə üzrə immunoprofilaktika fəaliyyətinə cəlb edilən tibb müəssisələri və sahə həkim-pediatrlarının sayı əhali sayına qeyri-mütənasib paylanmış, “Pediatriya” və “Yoluxucu xəstəliklər” ixtisasları üzrə kadr təyinatları əsasən Bakı şəhərinin müəssisələri üzrə həyata keçirilmişdir. Eləcə də, ölkə üzrə 74 GEM-də ştat cədvəli üzrə 144 həkim-epidemioloq ştatından təxminən yarısı vakant olmuşdur. Aparılan sorğularda bu meylin həm də əmək haqqı səviyyəsi ilə əlaqəli olmasının qeyd edilməsini də diqqətə alsaq, ştat sayına yenidən baxılması və ya bu vakant yerlərin tutulması məqsədilə zəruri tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd etmək imkanı verir.

Uşaqlarda yoluxucu xəstəliklər və onların immunoprofilaktikası üzrə 2018-2022-ci illərdə Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş davamlı tibbi təhsil tədbirləri yalnız Bakı şəhərində keçirilmiş, Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və GEM tərəfindən 2016-2022-ci illərdə çap olunmuş təbliğat materiallarının 60%-dən çox hissəsi də paytaxtın tibb müəssisələrinə paylanmış, Nazirliyin rəsmi vebsaytında profilaktik peyvənd təqvimi yerləşdirilməmiş, vətəndaşların peyvəndlər barədə SMS və ya mobil applikasiyalar vasitəsilə məlumatlandırılması təmin edilməmişdir. Tibb işçiləri arasında keçirilmiş sorğularda vətəndaşların peyvənd vurulmasından imtina səbəbləri kimi, peyvəndlərin mənşə ölkəsi, həmçinin yerli reaksiyalar və qısamüddətli qızdırma halları, bundan əlavə, uşaqlarda autizmə səbəb olmasına dair elmi əsası olmayan qənaətlərin göstərildiyi qeyd edilmişdir ki, bu da immunlaşdırma sahəsində aparılan təbliğat fəaliyyətində yol verilmiş nöqsanlarla əlaqəli olmaqla nəticəliliyə təsir göstərmişdir.

2016-2022-ci illərdə İnnovasiya və Təchizat Mərkəzi (İTM) tərəfindən UNICEF-lə əməkdaşlıq imkanlarından tam istifadə edilməyərək malların yerli şirkətlərdən daha baha qiymətlərlə satın alınması səbəbindən dövlət vəsaitinə qənaət imkanından istifadə olunmamış, həmçinin 2019-2020-ci illərdə ümumilikdə vəsaitin bir hissəsi profilaktik peyvənd təqvimində olmayan peyvəndlərin alınmasına yönəldilmişdir.

Peyvənd ilə bağlı fəaliyyətin və tələbatın düzgün planlaşdırılmaması nəticəsində bəzi hallarda əlavə preparatların alınmasına yol verilmiş, eləcə də bir sıra hallarda müvafiq dərman vasitələrinin alınması həyata keçirilməmişdir. Belə ki, bəzi hallarda dövlət qeydiyyatında olmayan dərman vasitəsinin ölkəyə idxal edilməsinə yol verilmiş, eləcə də, milli profilaktik peyvənd təqvimində ölkədə mövcud vəziyyət nəzərə alınmadan, elmi əsaslandırma aparılmadan nəzərdə tutulan saydan artıq planların təsdiq edilməsi nəticəsində əlavə vəsait istifadəsinə şərait yaranmışdır.

Ölkədə həmin illərdə vurulan peyvəndlərin orta hesabla 44,6%-i profilaktik peyvənd təqvimindən kənarlaşmaqla yerinə yetirilmiş, bağlanmış müqavilə əsasında tibb müəssisələrindən vaksin tullantılarının daşınmasında gecikmələrə yol verilmişdir.

İTM-də peyvəndlərin saxlanma şəraiti müvafiq tələblərə uyğun olmamışdır. Hesablama Palatasının əvvəlki illərdə keçirdiyi nəzarət tədbirlərində də bu halın müəyyən edildiyi nəzərə alınaraq həmin nöqsanın İTM üçün sistematik xarakter daşıdığı diqqətə çatdırılmalıdır.

Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi “Fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri”nə və “Dövlət informasiya ehtiyatları və sistemlərinin reyestri”inə daxil edilməmiş, Naxçıvan Muxtar Respublikasının GEM-ləri bu sistemə inteqrasiya olunmamışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti