Bakı. Trend:
Şuşa rayonunun Daşaltı kəndində 1992-ci ildə itkin düşən Qurbanov Nofəl Nəriman oğlu Sabunçu rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
Trend-in məlumatına görə, dəfn mərasimində şəhidin yaxınları, rayonun rəsmi şəxsləri, ictimaityyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, bir neçə gün əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.
Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.
Xatırladaq ki, bundan əvvəl iyun ayında Şuşa şəhərində Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkar edilib.
İndiyədək isə kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.