Hamiləlik dövrü boyunca ananın həkim məsləhəti ilə bir neçə adda vitaminlərin qəbulu məqsədəuyğun hesab edilir. Bu barədə Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Dilarə Zeynalova deyib.
Trend Dilarə Zeynalova ilə müsahibəni təqdim edir:
Dilarə xanım, ilk öncə bilmək istərdik ki, vitaminlər hamiləlik dövründə ana və bətnindəki körpəni hansı formada dəstəkliyir?
- Vitaminlər hamiləlik dövründə həm ananın, həm də inkişaf edən dölün sağlamlığının dəstəklənməsində mühüm rol oynayır.
- Hansı vitaminlərin qəbulu məsləhət görülür?
- İlk öncə fol turşusu (Vitamin B9) hamiləliyin erkən
dövrlərində çox vacibdir. Çünki körpənin beyin və onurğa beyni
inkişafına töhfə verir, gələcəkdə yarana biləcək hansısa bir
qüsurun qarşısını alır. O, həmçinin DNT istehsalında və hüceyrə
bölünməsində də mühüm əhəmiyyət kəsb edir.
Dəmir həm ana, həm də böyüyən döl üçün oksigen təminatında qanın
artımında rol oynayır. Hamiləlik dövründə tez-tez rast gəlinən
yorğunluq və digər ağırlaşmalara səbəb ola bilən anemiyanın
qarşısını alır.
Kalsium körpənin sümük və dişlərinin inkişafı üçün vacibdir. Bu,
eyni zamanda anaya öz sümük sıxlığını qorumağa kömək edir, düzgün
əzələ və sinir funksiyasını dəstəkləyir.
Vitamin D sümük sağlamlığını və inkişafını dəstəkləmək üçün
kalsiumla birlikdə işləyir. O, həmçinin immunitet sisteminin
formalaşmasında da vacib rol oynayır.
Vitamin C toxumaların böyüməsinə və bərpasına kömək edən bir
antioksidantdır. Bədənin bitki mənşəli qidalardan dəmiri
mənimsəməsinə kömək edir və immunitet sistemini dəstəkləyir.
Vitamin A embrionun böyüməsi və inkişafı üçün lazımdır. Bununla
belə, hamiləlik dövründə, xüsusilə retinol şəklində (heyvan mənşəli
məhsullarda var) A vitaminin həddindən artıq qəbulundan çəkinmək
lazımdır.
Vitamin E hüceyrələri zədələnmədən qorumağa kömək edən bir
antioksidantdır. O, həmçinin immunitet sistemini dəstəkləyir və
dəri sağlamlığına kömək edir.
K vitamini düzgün qan laxtalanması və sümük sağlamlığı üçün
vacibdir. Doğuş zamanı həddindən artıq qanaxmanın qarşısını almağa
yardım edir.
B6 və B12 daxil olmaqla, B vitaminləri enerji mübadiləsinə və
qırmızı qan hüceyrələrinin formalaşmasına kömək edir. Vitamin B6
bəzi hamilə qadınlar üçün ürəkbulanma hallarının qarşısını almağa
kömək edir.
- Hamiləliyin hansı dövründən etibarən vitamin qəbulu başlanılmalıdır?
- İdeal olaraq, qadınlar hamilə qalmazdan əvvəl, prekonsepsiya
dövründə prenatal vitaminlər qəbul etməyə başlamalıdırlar. Bu,
onların orqanizmlərinin ilk andan sağlam hamiləliyi dəstəkləmək
üçün lazımi qida maddələrinə malik olmasını təmin edir. Sinir
borusu qüsurları hamiləliyin çox erkən mərhələlərində inkişaf edə
bildiyi üçün (çox vaxt qadın hamilə olduğunu bilməmişdən öncə),
konsepsiyadan əvvəl kifayət qədər fol turşusu qəbul etmək xüsusilə
vacibdir.
Bununla belə, əgər qadın konsepsiyadan öncə prenatal vitaminlər
qəbul etməyibsə, hamilə olduğunu anladığı dövrdən etibarən
başlamalıdır.
Birinci trimestrin əvvəlində sinir borusu əmələ gəlir, həmçinin
mühüm orqan və sistemlər inkişaf edir. Fol turşusu, dəmir və
digərləri kimi prenatal vitaminlərdə olan qidalar bu dövrdə
körpənin böyüməsini və inkişafını dəstəkləmək üçün çox
vacibdir.
- Hamiləlik, qidalanma və vitaminlər baradə son olaraq hansı məsləhətləri verə bilərsiniz?
- Hamiləlik dövründə qida rejiminə və ya vitamin qəbuluna dair
hansısa dəyişiklik etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.
Onlar qadının fərdi sağlamlığına, pəhrizinə və xüsusi ehtiyaclarına
əsaslanaraq fərdi tövsiyələr verə bilərlər.
Bilmək vacibdir ki, hamilə dövründə qadınlar üçün vitamin qəbulunun
ən yaxşı yolu balanslaşdırılmış və müxtəlif pəhrizdir. Bəzi
vitaminlərin həddindən artıq qəbulu da zərərli ola biləcəyi üçün
adətən vitaminləri qida mənbələrindən almaq tövsiyə olunur.