...

Kəlbəcərdə sənaye zonası salınacaq

Cəmiyyət Materials 7 Sentyabr 2023 14:04 (UTC +04:00)
Kəlbəcərdə sənaye zonası salınacaq

Bakı. Trend:

Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcər şəhərinin yenidən qurulması üçün “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsinə 80 milyon manat ayrılıb.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

“Bununla əlaqədər, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə layihə işləri son mərhələyə çatmaqdadır. Layihələrin reallaşdırılması isə yaxın zamanlarda baş tutacaq. İlkin mərhələdə 444 mənzilin tikilməsi və o ailələrin gələn ilədək Kəlbəcərə köçürülməsi nəzərdə tutulub.

İşlərin aparılacaqğı ərazi təqribi 3,5 km ərazini əhatə edir. Publik hüqiqi şəxs olaraq, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti işlərin peşəkar formada həyata keçirlməsinə qadir heyətə malikdir. Biz, eyni zamanda, logistika və infrastruktur işlərinə də xüsusi diqqət yetirəcəyik ki, fəsillərin dəyişməsi halında belə dayanıqlı formada prosesi davam etdirək”, - Məsim Məmmədov əlavə edib.

Prezidentin xüsusi nümayəndəsi Kəlbəcərə köçəcək ailələr üçün məşğulluq məsələsinə də toxunub:

“Layihədə Kəlbəcər şəhərinin ətrafında sənaye zonasının yaradılması nəzərdə tutulub. Ümid edirik ki, bu, bir sənaye zonası olmayacaq, bundan əlavə, bir neçə bu cür sənaye zonası da salınacaq. Kəlbəcərin çox zəngin təbiəti var, burada kənd təsərrüfatı, turizm və digər sahələr üçün ciddi imkanlar var”.

Qeyd edək ki, Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən, Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilib. Bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti