Bakı. Trend:
Allah Prezidentimizi, Azərbaycan Ordusunu qorusun. Göydə Allah, yerdə Prezident İlham Əliyev bu yolu bizə açdı. İndi alnıaçıq, üzüağ, Prezidentimizin sayəsində Ağalıya qayıdırıq.
Trend xəbər verir ki, bunu Zəngilan rayonu Birinci Ağalı kəndinin sakini Məhəmmədyar Fərhadov deyib.
O, kənddə əkin-biçinlə məşğul olacağını bildirib:
"Mən ixtisasca aqronomam. Biz orada əkin-biçinlə məşğul olacağıq. Kəndimizə 7 nəfərlik ailə üzvümüzlə gedirik. Orada işləyəcəyik.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların canı, qanı bahasına torpaqlarımız işğaldan azad olundu. Biz indi sevinc hissi keçiririk. Öz kəndimizə - doğma yurdumuz Ağalıya qayıdırıq".
Qeyd edək ki, bu gün daha 25 ailə - 123 nəfər Zəngilanın Ağalı kəndinə köçürülüb. Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 9-u dördotaqlı, 6-ı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub. Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 133-ə (649 nəfərə) çatacaq.