Bakı. Trend:
Zəngilandan məcburi köçkün düşəndə 11 yaşım vardı, hazırda 42 yaşım var. Elə bilirəm, uşaqlığım dayanıb, orada məni gözləyir.
Bunu Trend-ə açıqlamasında Zəngilan sakini Vüsalə Əhmədova deyib.
"Bu günü bizə yaşadan oğullarımıza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı nəsib etsin. Biz 31 il vətən həsrəti ilə yaşadıq. Bu gün artıq deyirəm ki, vətən həsrəti bitdi. Heç bir zaman Zəngilanı unutmadıq", - deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 13-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.