Bakı. Trend:
İstehsal və yaşayış sahələrində yeraltı suların monitorinqi zamanı zavod ərazisindəki üç müşahidə quyusunun suyunda kiçik miqdarlarda sianidin olduğu qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın bu gün keçirilən iclasında bildirilib.
Bildirilib ki, qeyd olunan göstəricilər yol verilə bilən qatılıq həddindən dəfələrlə aşağı olsa da, bu fakt ətraf mühitə potensial risk kimi nəzərə alına bilər.
Vurğulanıb ki, eyni zamanda istehsal sahəsi və ətraf ərazilərdən götürülmüş torpaq nümunələrində bir sıra göstəricilərin miqdarı yol verilə bilən qatılıq həddindən çox olub. “Micon” şirkəti bunu regionun filizləşmə xüsusiyyətləri və tarixi mədənçiliyin mövcudluğu ilə izah edib.
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün komissiya yaradılıb. Komissiyaya Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini, sakinlərin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılmasını təmin etmək, eləcə də monitorinqin və qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.