...

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək

Cəmiyyət Materials 5 Oktyabr 2023 10:16 (UTC +04:00)
Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 8-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-dən Trend-ə bildirilib ki, imtahan bütün binalarda saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. DİM iştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Namizədlər DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahana aşağıda qeyd olunan sənədləri gətirmək lazımdır:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 395, BB qrupu üzrə 1684 olmaqla, ümumilikdə 2079 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 188 nəzarətçi müəllim, 30 buraxılış rejimi əməkdaşı ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti