Bakı. Trend:
Məlum olduğu kimi Ermənistan tərəfi humanitar hüquq normalarının ziddinə olaraq I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, o cümlədən Natiq Qasımovun dəfn yeri barədə məlumatları gizlətmiş və bu gün də bu qeyri-insani əməlini davam etdirir.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Trend-in sorğusuna cavab olaraq bildirilib ki, o 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş «Qarabağ şahinləri» taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdür. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən «Oqonyok» jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində «Strax» adlı məqalədə təsvir edilib.
Erməni girovluğundan azad edildikdən sonra Mingəçevir şəhərində yerləşən «Kür» avarçəkmə bazasında məskunlaşmış, Xocalı şəhər sakini, Cəfərov Cəfər Məhəmməd oğlunun ifadəsinə əsasən, Xocalı şəhəri Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan gün digər Xocalı sakinləri ilə birlikdə onu da girov götürmüş və işğal edilmiş Əsgəran Rayon Polis Şöbəsinin təcridxanasına aparıblar. Bir müddət sonra Ermənistan hərbçiləri onu xarici jurnalistlə birlikdə zirehli döyüş maşınına oturdaraq azərbaycanlılara xəbərdarlıq etmək üçün Pirlər kəndinə aparıb.
Ermənistan hərbçiləri orada Cəfər Cəfərovu Alban kilsəsində mövqe tutmuş Azərbaycan hərbçiləri ilə danışığa göndərib, əgər təslim olmasalar, girov götürülən Xocalı şəhər sakinlərini sıraya düzüb güllələyəcəklərini bildiriblər.
Cəfər Cəfərov sürünə-sürünə kilsəyə gedib. Lakin o, kilsədə yalnız bir Azərbaycan əsgəri, Qasımov Natiq Səlim oğlu ilə rastlaşmışdır. Natiq Qasımov 5 gün ərzində təkbaşına və ac-susuz döyüşdüyü üçün artıq taqətdən düşüb.
Natiq Qasımov Cəfər Cəfərovun: “Axı imkanın var idi nə üçün geri çəkilmədin?” - sualına: “Komandirim mənə mövqeni tərk etməməyi tapşırmışdır. Bir də ki, yuxarıda dalğalanan Azərbaycan bayrağını burada qoyub necə gedə bilərdim?” – cavabını vermiş və binanın üzərindəki Azərbaycan bayrağını göstərib.
Cəfər Cəfərovun ifadəsinə görə, o, Ermənistan hərbçilərinin şərtini Natiq Qasımova çatdırmış, bununla yanaşı, təslim olmamağı və imkan varsa, geri çəkilməyi məsləhət görüb. Lakin, Natiq Qasımov bir canı üçün Xocalı sakinlərinin həlak olmasına yol verməyəcəyini bildirib və binanın üzərində asılmış Azərbaycan bayrağını əlinə götürərək Ermənistan hərbçilərinə təslim olub.
Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.
Vitali Balasanyan 1988-ci ildən etibarən Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində separatizmin qızışdırılmasında və terror aktlarının təşkilində, etnik təmizləmənin aparılmasında, Xocalı soyqırımının törədilməsində yaxından iştirak etmiş, çoxsaylı müharibə cinayətləri törətmişdir. Sonradan Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış separatçı rejimin “müdafiə nazirinin müavini” və “təhlükəsizlik şurasının rəhbəri” olub.
Məlum olduğu kimi Ermənistan tərəfi humanitar hüquq normalarının ziddinə olaraq I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, o cümlədən Natiq Qasımovun dəfn yeri barədə məlumatları gizlətmiş və bu gün də bu qeyri-insani əməlini davam etdirir.
Natiq Qasımov hazırda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında I Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatdadır.
Dövlət Komissiyası I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, həmçinin Natiq Qasımovun axtarışlarını davam etdirir. Təəssüf ki, Natiq Qasımovun dəfn yeri barədə Dövlət Komissiyasında məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, onun meyiti Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edilmişdir. Dövlət Komissiyası işğaldan azad edilmiş bütün ərazilərimizdə, həmçinin Xocalı rayonu ərazisində I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işlərini aparacaqdır.