Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə geniş bərpa və yenidənqurma işləri, ən kreativ yanaşmaların, yaşıl enerji, yaşıl kənd təsərrüfatı, təbiətə dost olan texnologiyaların tətbiqi gənc nəslin potensialının göstərilməsi üçün böyük imkanlar yaradır. Bu ərazilərdə 2050-ci ilədək karbon neytrallığı zonasının yaradılmasını hədəfləyirik.
Trend xəbər verir ki, bunu “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
Nazir bildirib ki, Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf, şübhəsiz ki, gənclər üçün yeni imkanlar açır. Gənclərin ekoloji məsələlərlə bağlı proseslərə cəlb edilməsi, onların ətraf mühitin mühafizəsində növbəti nəslin liderlərinə çevrilməsi ilə nəticələnməlidir.
“Bildiyiniz kimi, iqlim dəyişmələri fəsadları bütün dünyada olduğu kim Azərbaycanda da müşahidə olunmaqdadır. Bir tərəfdən quraqlıq və su çatışmazlığı, digər tərəfdən sel və daşqınlar ölkə iqtisadiyyatına və əhaliyə təsir göstərir. Buna görə iqlim dəyişmələri ilə bağlı mənfi təsirləri yumşaltmaq, bəzi hallarda uyğunlaşma yolu ilə hətta faydalanmaq istiqamətində yeni kreativ yanaşmaların tətbiqi zamanıdır.
Bu gün tərəfimizdən rəqəmsal texnoloji həllərdən və coğrafi informasiya sistemlərindən aktiv şəkildə istifadə olunur. Bütün bu texnoloji həllər sizin həmyaşıdlarınız olan gənc mütəxəssislərimiz tərəfindən hazırlanır və tətbiq edilir. Sevindirici haldır ki, bu il gənclərdən ibarət komandamız tərəfindən yenilikçi veb texnologiyalar əsasında yaradılan “Yaşıl Gələcək” platforması uğurlu korporativ sosial məsuliyyət müstəvisinə çevrilə bilib. Ağac əkilməsi üçün ianə edib, sertifikat əldə edə biləcəyiniz bu platforma çərçivəsində tərəfdaşlıq etdiyimiz qurumlar və fərdi istifadəçilər tərəfindən artıq 50 minə yaxın ağac əkilib” , - deyə Muxtar Babayev qeyd edib.