...

Bakıda 27 yaşlı Cavid Həsənovun xatirəsinə həsr olunmuş "Yuxumdakı şəhid" filminin premyerası keçirilib (FOTO)

Cəmiyyət Materials 20 Oktyabr 2023 11:00 (UTC +04:00)
Bakıda 27 yaşlı Cavid Həsənovun xatirəsinə həsr olunmuş "Yuxumdakı şəhid" filminin  premyerası keçirilib (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

"Nizami" Kino Mərkəzində rejissor Canəli Əkbərovun 2-ci Qarabağ müharibəsinin qəhrəmanı, şəhid Cavid Həsənovun xatirəsinə həsr olunmuş "Yuxumdakı şəhid" sənədli filminin premyerası keçirilib.

Trend xəbər verir ki, "Biz Bir Ailəyik" Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi və "Uğur Events" tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və digər strukturların dəstəyi ilə təşkil olunan tədbirdə dövlət və ictimai xadimlər, yaradıcı ziyalı və gənclərin nümayəndələri, şəhid ailələri və Qarabağ müharibəsinin veteranları iştirak ediblər.

Açılışda bir dəqiqəlik sükutla şəhidlərin xatirəsi yad olunub, Azərbaycanın himni səsləndirilib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əsgərov, Müdafiə Nazirliyinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri üzrə iş şöbəsinin müdiri Zümrüd Səmədova, Xəzər Universitetinin rektoru İradə Xəlilova, "Biz bir ailəyik" İctimai Birliyinin sədri, layihənin ideya müəllifi Günay Ağazadə və digərləri Azərbaycanda müzəffər Ali Baş Komandan İlham Əliyievin rəhbərliyi altında tarixi Azərbaycan torpaqlarının 30 illik erməni işğalından azad olunduğu, tarixi ədalətin, eləcə də, dövlətin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunduğu şanlı zamanın başladığını vurğulayıblar.

44 günlük Vətən müharibəsi adları əbədi Azərbaycan xalqının qəlbinə və tarixə həkk olunmuş Azərbaycan oğullarının ərliyi və mətanəti, qəhrəmanların şücaəti və şəhidlərin qanı bahasına Azərbaycanın şanlı qələbəsi ilə başa çatıb. Bunlardan biri də Cavid Həsənovdur.

Bədii hissədə Həzi Aslanov adına Ordu İdeoloji-Mədəniyyət Mərkəzinin rəqs kollektivləri və solistləri, xalq artisti Röya Ayxan, Əməkdar artist Cahangir Qurbanovun ifasında vətənpərvərlik mövzusunda çıxışlar təqdim olunub. Layihənin həyata keçirilməsində dəstəyə görə minnətdarlıq diplomları təqdim olunub.

"Biz Bir Ailəyik" İctimai Birliyinin sədri, layihənin ideya müəllifi Günay Ağazadə filmin yaradılma tarixçəsindən danışıb:

"İki il əvvəl yuxumda bir oğlan gördüm. O, mənə “anamı tap, ondan muğayat ol” dedi. Zaman keçdi. Bir müddət sonra həmin şəxs yenə yuxuma gəldi. Yenə də “anamı tap, ondan muğayat ol. Oğlu şəhid olan ağlamaz” dedi. Ayılanda həmin oğlanın şəhid olduğunu anladım, lakin kim olduğunu bilmirdim. Bir şəhidin məclisində təsadüfən bir ananın sinəsindəki şəhid şəkli diqqətimi çəkdi.

Şəkildəki şəhidin siması mənə haradansa tanış gəlirdi. Elə həmin an yuxumu xatırladım, bu, həmin şəhiddir deyib adına baxdım, anası ilə tanış oldum. Olanları ona danışdım. Ana da təəccübləndi. Uzun zamandan sonra yaşadıqlarımı lentə almağa, cəmi 27 yaşında doğma torpağı uğrunda ən dəyərli məfhumundan - həyatından keçən gənc qəhrəmanımız haqqında sənədli film çəkməyi qərara aldıq".

Cavid Həsənov 6 mart 1993-cü ildə Bakıda anadan olub, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Xəzər universitetində təhsil alıb, müxtəlif illərdə "Azercell"də, SOCAR-da, "Digital Service", "EasyDrill", "National Oilwell Varco" şirkətlərində çalışıb. Cavidin atası Mikayıl Həsənov da 1-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüşüb. Atası cəbhəyə gedəndə və oradan ikinci qrup əlil olaraq qayıdanda Cavidin cəmi iki yaşı var idi. Bütün bu illər ərzində gənc doğma torpaqların erməni təcavüzkarları tərəfindən işğal olunması ilə barışa bilmir və uşaqlıqdan torpaqlarımızı azad etməyi arzulayırdı. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda o könüllü olaraq ön cəbhəyə gedərək Xocavəndin və Hadrutun azad olunması uğrunda döyüşüb və oktyabrın 20-də qəhrəmancasına həlak olub.

"Mən müharibənin nə olduğunu bilirəm. Özüm Birinci Qarabağ müharibəsi veteranıyam. Oğlum çox ağıllı, hər şeylə maraqlanan idi, yüksək bal toplayaraq universitetə qəbul oldu, oranı fərqlənmə ilə bitirdi. Rus və ingilis dillərində çox gözəl danışırdı. Mühəndis-neftçi olaraq çalışırdı, ölkəni xaricdə layiqincə təmsil edib. Lakin vətənə sevgi onun üçün hər şeydən öndə idi və o, bunu özünə borc və şərəf hesab edirdi", - Cavidin atası Mikayıl Həsənov deyib.

Şəhidin anası Mirvari Həsənova gecənin təşkil olunması və qəhrəman oğluna həsr olunmuş layihənin həyata keçirilməsinə görə minnətdarlığını bildirib.

"Cavid həmişə atasının Qarabağda döyüşməsi ilə fəxr edib. Hələ uşaqlıqda dostlarına deyirdi ki, o da Qarabağ uğrunda döyüşməyə gedəcək. Mən onun barəsində keçmiş zamanda danışa bilmirəm, deyə bilmirəm ki, oğlum olub, mənim hələ də oğlum var. O daima mənim qəlbimdədir. O Vətənini çox sevirdi", - Mirvari Həsənova deyib.

Cavid özündən sonra çox gözəl xatirələr buraxıb. Onu tanıyan hər kəs Cavidi ünsiyyətcil, şən, xeyirxah, səmimi, dostcanlı bir insan kimi xarakterizə etməklə qoçaqlığını və vətənpərvərliyini qeyd edir. Ailəsinin, doğmalarının, dostlarının sevimlisi olan Cavid indi bütün xalqın fəxr etdiyi qəhrəman şəhidlərdən biridir. Cavidin 27 illik qısa ömrünü böyük qəhrəmanlıq salnaməsinə həkk etmiş xatirəsi həmişəlik qəlblərdə və tarixdə qalacaq.

Çox təsirli olan "Yuxumdakı şəhid" filmi bundan xəbər verdi. Filmin nümayişi zamanı zalda bir çoxlarının gözləri yaşardı. Sonda izləyicilər Cavidin və onun simasında Qarabağ müharibəsinin bütün şəhidlərinin şanlı xatirəsini ayaq üstə yad etdilər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti