Bakı. Trend:
Mənim üçün Ağalıdan gözəl yer yoxdur. 34 yaşında Ağalını tərk etmişdim, indi 65 yaşım var. Hər gün gözləmişəm ki, nə zaman doğma torpağımıza qayıdacağıq. Bu günə qismət oldu, Allaha min şükür.
Bunu Trend-ə Ağalı kəndinə geri dönən kənd sakini Ayaz Baxşalıyev deyib.
O, kəndini yenidən qurub yaradaclarını qeyd edib.
“Bizi orada gözəl günlər gözləyir, kəndimizi yenidən qurub yaradacağıq.
Prezidentimizin Dəmir Yumruğu heç vaxt əskik olmasın, Allah Prezidentimizin canın sağ eləsin, qazilərimizə şəfa versin, şəhidlərimizə rəhmət etsin. Onların sayəsində biz vətənimizə geri dönürük. Bizim üçün bundan gözəl gün yoxdur. Gedək, 30 ildir həsrətini çəkdiyimiz Ağalını yenidən qurub yaradaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, oktyabrın 28-da Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb.
İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 127 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Bununla da indiyədək Ağalı kəndində daimi məskunlaşdırılan ailələrin sayı 175-ə (871 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.