Bakı. Trend:
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Laçın şəhər 2 nömrəli tam orta məktəbdə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının (1 noyabr 2018-ci il tarixli) 5 illiyi münasibətilə “Sözümüz imzamızdır, adımız simamızdır” adlı tədbir keçirib.
Trend xəbər verir ki, tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, direktor müavini dosent Gülarə Əmirova, şöbə müdiri Vəfa İsmayılova və digər əməkdaşlar, ADRA-nın Strateji inkişaf və kommunikasiya şöbəsinin müdiri Elçin Mahir, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova, Sumqayıt Dövlət Universitetinin müəllimi Əvəz Mahmudov, Əməkdar jurnalist Mətanət Ağamirli, Gəncə Dövlət Universitetinin dosenti filologiya üzrə fəlsəfə doktoru Sevda Əliyeva, “Art Mood” reklam şirkətinin təsisçi-direktoru Xəyalə Mütəllimova, Laçın rayon sahibkarları və b. iştirak ediblər .
Tədbiri giriş nitqi ilə açan Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva doğma dilimizlə bağlı növbəti tədbirin Azərbaycanın əsrarəngiz gözəlliyə və zəngin təbii sərvətlərə malik diyarlarından birində – Laçın rayonunda keçirilməsindən böyük məmnunluq hissi duyduğunu və tədbirin məhz təhsil müəssisəsində təşkil olunmasının qürurverici olduğunu qeyd edib. Bu əvəzolunmaz hissləri yaşadanlara – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna dərin minnətdarlığını ifadə edən natiq vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini hörmətlə yad edib, qazilərimizə şəfa diləyib. Professor Sevinc Əliyeva ölkəmizdə dil siyasətinin formalaşması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və inkişafında ümummilli lider Heydər Əliyevin, həmçinin onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini tədbir iştirakçılarının nəzərinə çatdırmaqla işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq-abadlıq işlərinin sevindirici olduğunu bildirib. Həmçinin bu prosesdə şəhər və kəndlərimizdə yeni yaradılacaq infrastrukturun, ictimai iaşə və digər obyektlərin adlarını müəyyənləşdirərkən dilimizin zəngin söz ehtiyatından istifadə etməklə ədəbi dilimizin normalarının tələblərini gözləməyi tövsiyə edib. Sadalananlara örnək olaraq “Hoçazfilm” yaradıcılıq studiyasının, “Abdallar” istirahət mərkəzinin adlarını qeyd edən professor bu qəbildən olan seçimləri təqdirəlayiq hal kimi də qiymətləndirib.
Elçin Mahir zəfərdən sonra sahibkarların öz əmtəə nişanların doğma dildə adlandırılmasına və onların təsvirlərində Qarabağ motivli vizualların seçilməsinə üstünlük verildiyini bildirib. O, həmçinin ad seçimində xüsusi olaraq Qarabağdakı toponimlərdən istifadəyə marağın artmasını da xüsusi təqdir edib.
“Azərbaycan dili və reklamlarımız” mövzusunda çıxış edən Mərkəzin direktor müavini dosent Gülarə Əmirova reklam mətnlərində ədəbi dil normalarının tətbiq vəziyyətinin öyrənilməsini dildə gedən prosesləri analitik təhlili baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. G.Əmirova qeyd edib ki, reklam mətnlərində ədəbi dilin üslubi imkanlarından yaradıcılıqla istifadə olunmaması, fonetik, leksik və qrammatik tələblərin gözlənilməməsi dilin ümumi inkişafına təsirsiz ötüşmür. Natiq reklam mətnlərində xarici dillərə məxsus söz və ifadələrin kütləvi surətdə işlədilməsinin səbəblərini açıqlamış, bu qəbildən olan istilahların reklam mətnlərinin üslubuna mənfi təsir göstərməklə onların anlaşılmasına da mane olduğunu vurğulamışdır.
“Azərbaycan dilinin saflığının qorunması və düzgün tətbiqində Monitorinq Mərkəzinin rolu” adlı məruzə ilə çıxış edən Mərkəzin şöbə müdiri Vəfa İsmayılova bildirib ki, yaxın gələcəkdə bu torpaqlarda fəaliyyətə başlayacaq radio və televiziya kanallarında, çap və elektron mediada dilimizin saflığının qorunmasına, ədəbi dil normalarına riayət olunmasına əməl ediləcək, abad Qarabağımızın füsunkar gözəlliyi, adət-ənənəsi, görülən işlər media nümayəndələri tərəfindən oxucular və dinləyicilərə peşəkarlıqla çatdırılacaqdır.
Çıxış edənlər – Mərziyyə Nəcəfova, Mətanət Ağamirli, Sevda Əliyeva, Xəyalə Mütəllimova və b. bütün sahələrdə ana dilinin saflığının qorunmasının vacibliyini vurğulamaqla İKT, reklam, tibb və digər sferalarda da dilin düzgün tətbiqi məsələlərinə xüsusi həssaslığla yanaşılmağın zəruriliyini ifadə etiblər.
Tədbir əsnasında Mərkəzin aparıcı mütəxəssisləri Gülnar İsmayılova və Günel Pənciyeva şagirdlərə interaktiv təlim keçmiş, fərqlənən 10 şagirdə müxtəlif hədiyyələr təqdim ediblər.
Gənc nəslin vətənpərvərlik və azərbaycançılıq ideologiyası ruhunda tərbiyə edilməsi, milli kimliyimiz olan Azərbaycan dilinə sevginin şagirdlərə aşılanması, dövlət dilinin təbliğindəki xidmətlərinə görə Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktoru Sevinc Cabbarova Fəxri fərmanla təltif olunub.