Bakı. Trend:
Biz bu il Azərbaycanın dövlət büdcəsini tarixi bir şəraitdə müzakirə edirik. Bu bir həqiqətdir ki, biz tarixi hadisələr yaşadıq. Bu hadisələrin əhatəsində büdcəni müzakirə etmək isə çox qürurvericidir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O əlavə edib ki, antiterror tədbirlərindən sonra ölkəmiz qarşısında yeni çağırışlar yaranıb. “Bu çağırışlar müdafiə və təhlükəsizlik sahəsini də əhatə edir. Müdafiə və hüquq-mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların müvafiq texniki təminatının daha da yaxşılaşdırılması, azad olunan ərazilərdə müdafiə və müfahizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı vəsait gələn ilin dövlət büdcəsində nəzərə alınıb”, - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.