...

Azərbaycan Universitetinin evsahibliyində beynəlxalq konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2023 13:47 (UTC +04:00)

Bakı. Trend:

Bakıda Azərbaycan Universiteti, Türkiyənin Sakarya Universiteti, ABŞ-ın Sent Louis Vaşinqton Universiteti və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə “Social Work & Social Research” (Sosial İş və Sosial Tədqiqat) beynəlxalq elmi konfransı keçirilib. Azərbaycan Universitetinin ev sahibliyində təşkil olunan ikigünlük konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və bu kimi digər məsələlər diqqət mərkəzində olub.

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, konfransın mövzusu təsadüfi seçilməyib. Sosial işin təşkili sahəsində kadr hazırlığı və elmi tədqiqatın təşviqi rəhbərlik etdiyi ali təhsil müəssisəsi üçün prioritet istiqamətlərdən biridir. Digər tərəfdən son zamanlar mövcud münaqişə ocaqlarına yenilərinin əlavə olunması, o cümlədən ekoloji və təbii fəlakətlər dünyada ciddi sosial problemlərin mövcudluğunu və onların elmi nöqteyi-nəzərdən araşdırılmasının zəruriliyini ortaya qoyur.

Rektor qeyd edib ki, Azərbaycanda dayanıqlı və uğurlu dünya təcrübəsinə əsaslanan sosial siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Cənab prezident İlham Əliyev tərəfindən dövlət səviyyəsində sosial siyasət sahəsinə xüsusi diqqət dəfələrlə elan edilib. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də xüsusi qeyd edilməlidir.

Daha sonra ABŞ-ın Sent Louis Vaşinqton Universitetinin professoru Michael Sherraden, Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, millət vəkili Musa Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, Qazaxıstan Senatının deputatı Akmaral Alnazarova, bu ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Nazgul Sagindykova çıxış edərək konfransı sosial siyasət və sosial iş sahəsindəki aktual məsələlərin müzakirəsində mühüm addım və platforma kimi qiymətləndiriblər.

Konfransın plenar iclasları maliyyə bacarıqları və sosial iş; uşaq inkişaf hesabları mövzularına həsr olunub. Bölmə iclaslarında isə Sosial iş təhsili sahəsində səriştələrin, yeni bacarıqların və qlobal standartların yaradılması; Davamlı inkişaf və sosial iş təhsili; Sosial iş təhsilində rəqəmsallaşma və İKT; İctimai səhiyyə böhranı; Müharibədən zərərçəkənlər və hərbçilərlə sosial iş; Həssas qruplar və sosial müdafiə kimi mövzular müzakirə olunub.

Qeyd edək ki, hibrid formada təşkil olunan konfransda dünyanın 32 ölkəsindən 156 məruzə dinlənilib. 10-dan çox ölkədən konfransın mövzusu üzrə dünyanın ən tanınmış 40-a yaxın alimi tədbirdə iştirak edib. Zoom platforması vasitəsilə isə 40-a yaxın ölkədən iştirakçı konfransın işinə qoşulub. Beynəlxalq elmi mühitin konfransa göstərdiyi diqqət və maraq nəzərə alınaraq elmi şuranın qərarı ilə 22-23 noyabr 2024-cü il tarixlərində konfransın ikincisinin təşkil olunması planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti