Bakı.Trend:
Bu gün 70-dən çox ölkə mina terrorundan əziyyət çəkir. Hər il dünyada mina qurbanına çevrilən şəxslərin sayı isə milyonlarladır.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı rəhbərinin müavini Rəşid Rumzadə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda deyib.
O bildirib ki,Ermənistan tərəfindən Azərbaycana qarşı uzun illər ərzində əsassız ərazi iddiaları irəli sürülməklə bərabər, həm də kəskin milli, irqi və dini nifrət zəmnində işğalçılıq, etnik təmizləmə, soyqırımı, terrorçuluq siyasəti həyata keçirilib:
"Bunun acı nəticəsi olaraq, Azərbaycan ərazilərinin 20 faizindən çoxu 30 ilə yaxın bir dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış, bir milyona yaxın soydaşımız öz doğma ata-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, ərazilərimiz minalarla çirkləndirilib.
Təbii sərvətlər talan edilib, qızıl, civə, mis, qurğuşun, sink, kömür və s. daxil olmaqla 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar qanunsuz şəkildə istismar olunub.
Transsərhəd çay olan Oxçuçayın uzun illərdir ki, Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalması Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayındakı su ehtiyatlarının keyfiyyətinə də mənfi təsir göstərir ki, bu da həyat və sağlamlıq üçün son dərəcə təhlükəli nəticələr verir.
Bütövlükdə götürdükdə bəşəriyyətin təhlükəsizliyinə qəsd olan bu əməllər nəticəsində təbiətimiz, ölkəmizin bioloji müxtəlifliyi, flora və faunası, su mənbələri, ümumilikdə regionun ekosistemi hələ uzun illər bu zərərin aradan qalıdırılmasına çalışacaq".
O qeyd edib ki, Ermənistanda texniki və mənəvi cəhətdən köhnəlmiş “Metsamor” Atom Elektrik Stansiyasının hazırda da fəaliyyət göstərməsi yalnız Azərbaycan və Ermənistan üçün deyil, həm də bütün bölgə üçün ciddi təhlükə mənbəyidir:
"2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılıb, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunub. Bütün bunlar ciddi hüquq pozuntularının mövcud olduğunu təsdiqləyir.
Bununla yanaşı, Ermənistan Respublikası tərəfdar çıxdığı “Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında” 1976-cı il tarixli Konvensiya, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” 1989-cu il tarixli Bazel Konvensiyası, “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” 1992-ci il tarixli Konvensiya və digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə də məqsədli şəkildə əməl etmir. Təsadüfi deyildir ki, Ermənistan “Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair” 1992-ci il tarixli Konvensiyanı ratifikasiya etməkdən də qərəzli şəkildə yayınır".
Qeyd edək ki, bu gün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumu keçirilir.