Bakı. Trend:
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunan “Göygöl nağılları” adlı ümumrayon bayram tədbiri keçirilib.
Trend xəbər verir
ki, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin
Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının sədri,
rayonun hüquq-mühafizə orqanlarının və idarə, müəssisə və
təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, ağsaqqallar,
ziyalılar, rayon ictimaiyyəti və rayonumuzun qonaqları iştirak
ediblər.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər
Əliyevin və qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla
yad edilib.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı
Elvin Paşayev bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik
Gününün təsis edilməsi müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz
arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə
imkan yaradıb, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarının
vahid milli ideologiya ətrafında birləşdirilməsi istiqamətindəki
əvəzsiz xidmətlər göstərib. İcra başçısı bu günün dövlət bayramı
kimi qeyd edilməsinin xalqımızın milli azadlıq mübarizəsinin
məntiqi nəticəsi olaraq xoş ənənəyə çevrildiyini diqqətə
çatdıraraq, yeni ilin sağlamlıq, xoşbəxtlik və müvəffəqiyyətlərlə
dolu keçməsini arzulayıb.
Tədbirdə il ərzində respublika və beynəlxalq idman yarışlarında
uğur qazanan idmançıların nümunəvi çıxışları və sənətkarların əl
işlərindən ibarət sərgiləri təqdim olunub.
Tədbir ölkə və yerli mədəniyyət işçilərinin, eləcə də məktəb və uşaq bağçalarının hazırladığı konsert proqramı ilə davam edib. Şaxta baba və Qar qızın gəlişi tədbirə əlavə rəng qatıb. Bayram tədbiri iştirakçılarda xoş ovqat yaradıb.