...

Sumqayıt-Bakı ekspress avtobuslarının fəaliyyəti sərnişindaşımaya necə təsir edəcək? - AÇIQLAMA

Cəmiyyət Materials 22 Yanvar 2024 12:11 (UTC +04:00)
Sumqayıt-Bakı ekspress avtobuslarının fəaliyyəti sərnişindaşımaya necə təsir edəcək? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt-Bakı ekspress avtobuslarının fəaliyyətə başlaması çox müsbət qərardır.

Bunu Trend-ə açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib.

O bildirib ki, nəzərə alsaq ki, bu istiqamətdə avtobus zolaqları da çəkilib, ekspress xəttin az dayanacaqla olması sürətli əlaqəni təmin edəcək.

"Ekspress marşrut xəttinin Bakı avtovağzalından Sumqayıt avtovağzalına və əks istiqamətə olması da əsas müsbət tərəfidir. Avtovağzal özü də qovşaqdır. Belə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi şəhərin bütün istiqamətlərindən son dayanacaqdır. Avtovağzala yaxın metronun olması şəhərlə sürətli əlaqəni təmin edəcək.

Bu günə qədər olan marşrutlar yenə də qüvvədə qalır. Sumqayıt istiqamətinə qatar da hərəkət edir. Yeni alınmış və bu il də çatdırılması nəzərdə tutulan hərəkət tərkibi bu istiqamətə əlavə olunacaq. Bu da Sumqayıt istiqamətində mobilliyi artıran həllərdən olacaq".

Ekspert qeyd edib ki, əsas məqam ayrılmış yolda avtobus zolaqlarına sərt nəzarətdir ki,nəqliyyat vasitələri dayanmadan sürətli hərəkəti təmin etsin.

"Belə olduqda qeyri-qanuni sərnişindaşıma fəaliyyəti də avtomatik olaraq sıradan çıxacaq. Çünki tələbə uyğun keyfiyyətli təklif formalaşanda insanlar vaxta qənaət etmək üçün daşıyıcılara yönələcək.

Həmçinin, avtovağzalla "20 Yanvar" stansiyası arasında olan avtobus zolaqlarının ayrılması və sərt nəzarət təmin edilməlidir ki, bu istiqamətdə fasiləsiz gediş-gəliş mümkün olsun. Belə fikrilər də var ki, Sumqayıt-Bakı ekspress avtobuslarının yolu "20 Yanvar" stansiyasına qədər uzadılsın. Lakin "20 Yanvar" stansiyası tərəf yüklüdür. Əsas hədəf sürətli əlaqəni təmin etməkdir", - deyə o qeyd edib.

Qeyd edək ki, dünəndən etibarən Sumqayıt-Bakı ekspress avtobusları fəaliyyətə başlayıb.

Ekspres marşrut xətti Bakı avtovağzalından Sumqayıt avtovağzalına və əks istiqamətdədir.

Marşrut xəttinin dayanacaqları Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq.

Gediş haqqı 80 qəpik təşkil edəcək.

Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti