Bakı. Trend:
17 aprel 2024-cü il, Frankfurt-Mayn – Frankfurt-Maynda keçirilən
nüfuzlu “Passenger Terminal Expo 2024” konfransında “Azərbaycan
Hava Yolları” QSC-nin (AZAL) “Azəraeronaviqasiya” Hava Hərəkəti
İdarəsinin (AZANS) direktoru Fərxan Quliyev və “DFS Aviation
Services” şirkətinin icraçı direktoru Andreas Petç əməkdaşlığın
genişləndirilməsinə dair müqavilə imzalayıblar.
“DFS Group” şirkətinin bir hissəsi olan “DFS Aviation Services”
Almaniyanın aeronaviqasiya xidmətləri təminatçısı və bu sahə üzrə
dünya liderlərindən biridir.
Sözügedən müqavilə Laçın Beynəlxalq Hava Limanının qabaqcıl
“Phoenix” hava hərəkətinə nəzarət sistemi ilə təchiz edilməsini
əhatə edir. Bu addım AZAL-ın davamlı inkişafa və göstərilən
xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə verdiyini
vurğulayır.
Səmərəliliyi və etibarlılığı ilə tanınan “Phoenix” sistemi
Azərbaycanın hava limanlarında, o cümlədən Füzuli və Zəngilan
aeroportlarında AZANS-ın altı hava hərəkətinin idarəedilməsi
qülləsində uğurla fəaliyyət göstərir. Bundan əlavə, sistem
“Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin Hava Hərəkətinin
İdarəedilməsi Baş Mərkəzi üçün ehtiyat sistem kimi istifadə
olunur.
Uğurlu əməkdaşlıq çərçivəsində AZANS və “DFS Aviation Services”
müxtəlif təşəbbüslər üzərində işləyir. Qeyd edək ki, AZANS və Milli
Aviasiya Akademiyası Azərbaycanda aviadispetçerlərin hazırlığı üzrə
vahid mərkəzin yaradılması layihəsini həyata keçirir. Bu mərkəz
“DFS Aviation Services” şirkətinin təlim materialları və
standartları ilə təchiz olunacaq.