Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Balkanların Dostları” başlığı altında Sloveniyanın paytaxtı Lyublyana şəhərində ali səviyyəli konfrans keçirilib.
Trend xəbər verir ki, konfransda “Qərbi Balkanlarda siyasi və təhlükəsizlik vəziyyəti Avropada və dünyada geosiyasi dəyişikliklərin konteksti”, "Avropa İttifaqının (və NATO-nun) Genişlənmə Strategiyası" və o cümlədən Azərbaycanda keçiriləcək COP29-a həsr olunmuş “Qərbi Balkanlarının Avropa İncələməsində İnteqrasiyası: COP29-a gətirən yol” müzakirə mövzuları olub.
Toplantıda Sloveniyanın sabiq Prezidenti Borut Pahor, Bolqarıstanın sabiq Prezidenti Rozen Plevneliyev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, BMT Baş Assambleyasının 75-ci Sessiyasının Prezidenti Volkan Bozkır və 67-ci Sessiyasının Prezidenti Vuk Yeremiç, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi və Avropa Komissiyasının sabiq birinci vitse-prezidenti Baronessa Ketrin Eşton, Avstriyanın sabiq federal Prezidenti Haynts Fişer, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Monteneqronun sabiq Prezidenti Filip Vuyanoviç və sabiq Müdafiə naziri Miliça Peyanoviç-Durisiç, Avstriyanın sabiq federal xarici işlər naziri Benita Ferrero-Valdner, Monteneqronun sabiq Baş naziri İqor Luksiç, Avropa İttifaqının Belqrad-Priştina dialoqu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak və digər ali səviyyəli qonaqlar iştirak ediblər.