Bakı. Trend:
Ev təsərrüfatlarının uçotu Qaydası təsdiq edilib.
Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, uçot Azərbaycan Respublikasının rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi təsərrüfatbaşına uçot sənədlərinə və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun aparılır.
Uçot aparılarkən ev təsərrüfatının daimi yaşayan üzvləri (bir
şəxs və ya şəxslər qrupu) müəyyən edilir. Şəxslər qrupu o halda
ev
təsərrüfatı hesab edilir ki, onlar bir yaşayış sahəsində (fərdi
yaşayış evində, mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və
ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də
mənzil-kommunal xidmətləri və qida məhsullarının istehlakını birgə
həyata keçirsinlər.
Uçot nümayəndəliklər tərəfindən yanvarın 1-dən 30-dək bütün
təsərrüfatlarda təsərrüfat başçısını (və ya təsərrüfatın mülki
hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu
ilə hər il yanvarın 1-i vəziyyətinə aparılır. Uçot yaşayış
məntəqələrində daimi yaşayan şəxslər üzrə aparılır. Ərazidə
müvəqqəti məskunlaşmış təsərrüfatlar barədə məlumatlar xüsusi
formada qeydə alınır.
Bütün üzvləri vəfat edən, yaxud bütün üzvləri digər inzibati ərazi
dairəsinə köçən ev təsərrüfatı uçotdan çıxarılır. Uçotu aparan
nümayəndəliklər hər il fevral ayının 10-dək ev təsərrüfatlarının və
onların üzvlərinin sayı barədə müvafiq bələdiyyəyə və statistika
orqanına məlumat verirlər.
Uçotu aparan nümayəndəliklər tərəfindən fərdi məlumatların
toplanılması, işlənilməsi, mühafizəsi, yayılması və verilməsi
“Fərdi
məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa və
Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına əsasən
həyata keçirilir.