Bakı. Trend:
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) məqsədi beynəlxalq standartların köməyilə insanların həyatını yaxşılaşdırmaqdır.
Trend xəbər verir ki, bu barədə İSO-nun potensialın genişləndirilməsi şöbəsinin rəhbəri Erik Kiek Bakıda inkişaf etməkdə olan ölkələrin milli standartlaşdırma orqanları üçün "Liderlik və İdarəetmənin İnkişafı Proqramı" mövzusunda keçirilən regional seminarın açılışında deyib.
"Hazırda sürətlə dəyişən mühitdə öyrəndiyimizdən, fikrimcə, dəyişikliklərə istiqamətlənmək və yeni imkanlardan istifadə etməkdə liderlərimizin rolu çox vacibdir. Bu qeyri-müəyyənlik dövründə standartların tərtibatçıları beynəlxalq standartların köməyilə vəziyyəti yaxşılığa doğru dəyişə bilər. Əlbəttə ki, ISO olaraq məqsədimiz beynəlxalq standartların köməyilə insanların həyatını daha asan, təhlükəsiz, daha yaxşı etməkdir", - deyə o bildirib.
Erik Kiek 2024-cü ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 konfransının vacibliyini də qeyd edib.
Qeyd edək ki, seminar Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun (ASSİ) dəstəyi ilə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən təşkil olunub.
Seminarda Albaniya, Azərbaycan, Baham adaları, Burkina-Faso, Beliz, Butan, Kolumbiya, Qana, Yunanıstan, Keniya, Monqolustan, Qətər, Ruanda, Səudiyyə Ərəbistanı Krallığı, Yəmən, İsveçin milli standartlaşdırma orqanlarının rəhbər işçiləri iştirak edir.
(Tərcümə: Rəna Əbdürəhmanova)