Bakı. Trend:
Azərbaycanda qanunvericilikdə velosiped zolağı anlayışı daxil
edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirə edilən “Yol hərəkəti haqqında” qanuna
dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, velosiped zolağı yolun hərəkət
hissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin
hərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş və
uzununa nişanlama xətti ilə ayrılmış hissəsidir.
Velosiped cığırı velosiped və kiçik elektrik nəqliyyat
vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və 1.26 nişanlaması
ilə işarələnmiş ayrıca yol və ya yol hissəsidir. Velosiped cığırı
digər yoldan və ya eyni yolun digər elementlərindən konstruktiv
şəkildə ayrılır.
Velosiped yolu velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin
hərəkətini təmin etmək üçün nəzərdə tutulmuş velosiped cığırı və ya
zolağıdır.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq birinci oxunuşda
qəbul edilib.