Bakı. Trend:
2008-ci ildən etibarən ölkəmizdə keçirilən və pandemiya
səbəbindən bir neçə ildir ki, təxirə salınan Beynəlxalq Sığorta
Forumu bu il yenidən həyata keçirildi. Azərbaycan Respublikası
Mərkəzi Bankının tərəfdaşlığı, ASA və “Xprimm Events” şirkətinin
təşkilatçılığı, PAŞA Sığortanın baş sponsorluğu ilə keçirilən
forumda 250-dən artıq yerli və xarici sığorta nümayəndələri iştirak
edib.
20-21 iyun tarixlərində baş tutan forumda AR Mərkəzi Bankının sədri
Taleh Kazımov, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan
Respublikası Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini
Anar Əliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə
Heyətinin sədri Zaur Əliyev, PAŞA Sığorta İdarə Heyətinin sədri,
eyni zamanda ASA Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova öz
açılış nitqləri ilə forum iştirakçılarını salamlayıblar.
İki gün davam edən forumda Almaniya, Rumıniya, Fransa, Türkiyə,
Rusiya, Makedoniya və digər ölkələrdən dəvət olunmuş sığorta
mütəxəssisləri öz təcrübələrini, araşdırmalarını forum
iştirakçıları ilə paylaşıblar.
Forumda Azərbaycan sığorta bazarının mövcud vəziyyəti, gələcəyin
sığorta perspektivləri, iqlim dəyişikliyinin sığorta sektoruna
təsiri, bank sığortaçılığı, sağlamlıq və avtomobil sığorta növləri
barədə geniş müzakirələr aparılıb.
Pandemiya sonra sağlamlıq sığortası panelində çıxış edən PAŞA
Sığorta Tibbi Agile komandasının inzibatçısı Murad Məmmədzadə öz
çıxışında qeyd edib ki: “Bu gün deyə bilərik ki, rəqəmsal
optimallaşdırma və ya rəqəmsallaşma müştərilər üçün qənaətbəxş
nəticələr yaradır, lakin bir neçə ildən sonra rəqəmsallaşdırmanın
olmaması və ya yaxşı rəqəmsal həll müştərilərin narazılığına səbəb
olacaq. Buna görə də inanıram ki, bu təkamül prosesidir və onu
uyğunlaşdırmaq fikrində olmayan hər kəs gec-tez oyundan kənarda
qalacaq”.
Avtomobil sığortası – texnologiyaya əsaslanan dəyişikliklər
panelində çıxış edən PAŞA Sığorta şirkəti Avtomobil və Rəqəmsal
Sığorta sahəsinin rəhbəri Adil Bəkirov: “Bizim rəqəmsal
strategiyamız 2 əsas hissədən ibarətdir. Birincisi müştərilərə
təqdim etdiyimiz xidmətin rəqəmsallaşması, digəri isə daxili
proseslərimizin tam rəqəmsallaşmasıdır”. – deyə bildirib.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri
olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA
Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ
və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət
göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi
"PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və
maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə
“Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta
yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri
ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindən
biridir.